Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin mart ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 794 min barel olub.
Bunun 740 min barelini xam neft, 54 min barrelini kondensat təşkil edib. Gündəlik 629,6 min barel xam neft, 54 min barel kondensat, 10,6 min barel isə neft məhsulları ixrac edilib.
Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında isə 806 min barrel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib.