ac972b1b-b07d-4050-abfc-e40ed783b9ed.jpg

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradıldı

Baxış sayı: 288 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar
çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından
daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək
məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya
tətbiq edilir:

“Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək
intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını
başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və
fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə
Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam
etdirəcəklər.

Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin
ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229
nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn
olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların
qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın
şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim
ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE)
World University Rankings” və ya “Academic Ranking of World Universities”
(Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil
müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan
çağırışçılar xidmət edəcəklər”.

“Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış
gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar
Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına
əhəmiyyətli töhfə verəcəkdir.

Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara
malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə
alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə
sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək”, – deyə
məlumatda qeyd olunub.

Source link