Azərbaycan Ordusunda qidalanma: Hansı yeməklər verilir, sistem necədir? –
ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindəndir. Çünki
qidalanma onların gündəlik fəaliyyətinə, döyüş hazırlığına, təlim-tədrisinə
təsir edən əsas amillərdəndir. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin
hərbi qulluqçularının qidalanma rasionunda və rejimində də zaman-zaman müəyyən
yeniliklər edilib. Hazırda da bu istiqamətdə NATO standartları tətbiq
edilməkdədir.
Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Ordusu hələ tam
formalaşmamışdı, texnika ilə təchizat bir yana, şəxsi heyətin normal
qidalanmasında ciddi problemlər vardı. Vahid qidalanma cədvəli yox idi,
hərbçilərin gündəlik qida rasionu düzgün tənzimlənmirdi. Nəticədə əsgərlər
əllərində torba və ya su bidonları ilə rayon mərkəzlərinə, kəndlərə enirdilər.
Qapı-qapı gəzib çörək və digər yeyəcəklər yığırdılar, artezianlardan su
daşıyırdılar. Hətta faktlar var ki, keçmiş döyüş bölgələrində, düşmənlə cəbhə
xəttinə yaxın yaşayış yerlərində bir evdə beş çörək bişirdisə, onun ikisi
hərbçilər üçün ayrılırdı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti və bir
neçə rayonun işğalını nəzərə alsaq, bunların nə qədər acı bir durum olduğunu
təsəvvür etmiş olarıq. Təəssüf ki, 1990-cı illərin əvvəlləri Azərbaycan hərb
tarixində məhz belə yadda qalıb.
Azərbaycan dövləti siyasi və iqtisadi cəhətdən inkişaf etdikcə hərbi sahə də
dirçəlməyə başladı. Bununla belə, çatışmayan hələ çox şey vardı. Burada da
zamana ehtiyac duyulurdu və o zaman çox sürətlə keçdi.
Artıq Azərbaycan əsgəri kimdənsə çörək almır. Çünki Silahlı Qüvvələrdə vahid
və nizamlı qida rasionu və təminatı yaradılıb. Müasir standartlara cavab verən
bütün hərbi hissələr soyuducu anbarlarla təchiz edilib. Həmçinin hərbi hissə
daxilində təsərrüfat işlərinə mülki işçilər cəlb olunub, artıq əsgər
yeməkxanalarında əsgərlər deyil, mülki aşpazlar çalışırlar.
Ordunun gündəlik qidalanması necə təşkil olunur, qida rasionuna nə daxildir?
Bu suala cavab tapmazdan əvvəl dünyanın bəzi qabaqcıl ölkələrində hərbi
qulluqçuların qida rasionuna diqqət çəkək;
“Business Insider”in araşdırmasına görə, ABŞ Silahlı Qüvvələrində
konservləşdirilmiş hərbi qidalar mülayim temperaturda 3,5 il, isti iqlimdə isə
doqquz ay ərzində təzə qalır. Ordunun qida rasionunda fastfudlardan və üçillik
saxlama müddəti olan pizzalardan da istifadə olunur. ABŞ hərbiçiləri daha çox
“MRE” – yeməyə hazır qidalardan istifadə edirlər. Bu qidaları xüsusi isitməyə
və hər hansı bir qatqı əlavə etməyə ehtiyac olmur. Onların seçimlərinə lobya,
toyuq əriştəsi və spagetti daxildir. Həmçinin pendir, qurudulmuş meyvə
içkiləri, badam, xaşxaş toxumu da “MRE” formasında qida rasionuna daxil edilib.
Əsgərlər, hətta ad günlərini xüsusi “MRE” tortlarla qeyd edə bilirlər.
Alimlərin tədqiqatlarından sonra 3 il saxlama müddəti olan bibərli pizza da
hərbçilərin qida rasionuna daxil edilib. Bəzi hallarda dini və sosial
baxışlarına görə (vegetarianlar və s.) onların qida rasionuna digər yeməklər də
əlavə olunur.
Böyük Britaniyada əsgərlərin qida rasionuna milli yemək olan “tikka masala”
toyuğu əlavə olunub. Onlara, həmçinin vegetarian yeməkləri, makaron, donuz əti
və lobya da verilir.
Cənubi Koreyada əsgərlərə toyuqlu düyü, lobya, donuz əti kolbasaları,
küftələr, qurudulmuş ədviyyatlı tərəvəz bulyonu verilir. Koreyanın dəniz
piyadaları potensial təhlükələrə hazır olmaq üçün hərbi təlimlər zamanı heç bir
qatqıya və isitməyə ehtiyacı olmayan hazır yeməklərlə qidalanırlar. Bu ölkənin
ordusunda milli yemək kimi düyü və ət tərkibli “bibimbap”dan da istifadə
edilir. 2020-ci ildə ordu əsgərlərin tezliklə veqan yeməkləri yeyə
biləcəklərini bəyan edib. Yeni menyuya “tofu”, tərəvəzlər, salatlar və
vegetarian “bibimbap” da daxil edilib.
Bəs Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların qida rasionunda hansı
yeniliklər edilib? Bu istiqamətdə NATO və qardaş Türkiyənin qidalanma sistemi
necə tətbiq olunur? Bir sözlə, şəxsi heyətin qida rasionu müstəqilliyin ilk
illərindəki vəziyyətdən nə ilə fərqlənir?
Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən “Report”un sorğusuna
cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə
və bölmələrinin hərbi qulluqçularının gündəlik isti yeməklərlə qidalanması
hərbi hissələrdə (gəmilərdə) ştata uyğun yeməkxanalar, kambuzlar və
kayut-kompaniyalar vasitəsilə həyata keçirilir:
Azərbaycan Ordusunda qidalanma – hansı yeməklər verilir?
“Hərbi qulluqçuların kontingenti və onların qida təminatı normalarından asılı
olaraq hərbi yeməkxanalar əsgər, matros, kursant və zabit yeməkxanalarına
bölünür. Şəxsi heyətin qidalanmasının düzgün təşkili, onların səhhətlərinin
qorunması və möhkəmləndirilməsi, həmçinin döyüş və ictimai hazırlığının
yüksəldilməsi ən mühüm şərtlərdəndir. Buna görə də hərbi hissə komandirləri,
maddi-texniki təminat bölmə rəisləri və ərzaq xidməti rəisləri şəxsi heyətin
keyfiyyətli, tam dəyərli, dadlı və müxtəlif çeşidli yeməklərlə qidalanmasının
təmin edilməsinə daim qayğı göstərirlər.
Hərbi qulluqçuların ərzaq payı normaları Nazirlər Kabinetinin 8 yanvar 2013-cu
il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilib. Ərzaq payı normaları əsas və
quru ərzaq paylarına bölünür. Əsas ərzaq payı normalarına ümumqoşun ərzaq payı
norması, dənizçi heyəti üçün ərzaq payı norması, uçuş heyəti üçün ərzaq payı
norması, müalicə ərzaq payı norması və kursant ərzaq payı norması daxildir.
Hərbi lisey kursantları üçün ərzaq payı normasına xüsusi təyinatlı dəstələrinin
ərzaq payı norması, kəşfiyyat qrupları üçün ərzaq payı norması, ümumqoşun quru
ərzaq payı normaları daxildir. Əsas ərzaq payı normalarından başqa müxtəlif
xüsusi şəraitlərdə xidmət edən hərbi qulluqçulara müxtəlif əlavə ərzaqlar
verilir. Əsas ərzaq payı normasına əlavə ərzaqların verilməsi hərbi
qulluqçuların müxtəlif iqlim, ərazi və çətin xidmətlə bağlı şəraitlərdə
enerjisini daha da çoxlu miqdarda itirməsi ilə əlaqələndirilir”.
Nazirlikdən qeyd edilib ki, adi şəraitdə xidmət edən hərbi qulluqçuların ərzaq
payı normalarının enerji dəyəri ümumqoşun ərzaq payı norması üzrə gündəlik 4
000-4 100 kkal, dənizçi heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 035-4
120 kkal, uçuş heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 385-4 450 kkal,
müalicə ərzaq payı norması üzrə gündəlik 3 934-4 000 kkal, kursant ərzaq payı
norması üzrə gündəlik 3 930-4 050 kkal, hərbi lisey kursantları üçün ərzaq payı
norması üzrə gündəlik 4 400-4 500 kkal, xüsusi təyinatlı dəstələrin ərzaq payı
norması üzrə 4 974-5 000 kkal enerji dəyərinə malikdir.
“2013-cü ildən etibarən milli yeməklər hərbi qulluqçuların qida rasionuna
daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə
alınmaqla müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər),
küftə-bozbaş, parça-bozbaş, düşbərə, səbzi plov, dovğa və digər milli
yeməklərin bişirilməsinə üstünlük verilir. Yüksək dağ şəraitində yerləşən və
döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay mövsümündə 4,5 litr
(2 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün), qış vaxtı isə 3,5
litr (1 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün) iç
qablaşdırılmış su təminat normalarına daxil edilib”, – məlumatda bildirilib.
Ərzaq növlərinin çeşidləri 50 növdən 125 növə çatdırılıb
Nazirlikdən, həmçinin qeyd edilib ki, iş günü hesab olunmayan bayram
günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir:
“Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən
bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş 1-ci və 2-ci
hazır milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər
görülüb. Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və
şəxsi heyəti çeşidli yeməklə təmin etmək məqsədilə müxtəlif çeşidli dolmalar
(kələm, badımcan, pomidor, bibər, qarışıq dolma), küftə, tas kabab, ətli noxud,
ətli lobya, ətli yaşıl lobya və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi
heyətin qidalanmasına daxil edilib.
Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədilə ərzaq növlərinin
çeşidləri artırılaraq 50 növ ərzaqdan 125 növ ərzağa çatdırılıb. Yeni inşa
edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə
şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə
tutulub. Həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat
məmulatları olaraq müxtəlif çeşidli bulkalar bişirilərək şəxsi heyətin
qidalanmasına daxil edilir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində
müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam
etdirilir. Yeməklərin keyfiyyətinin və çeşidliliyinin artırılması, eləcə də
şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə
əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.
Qurumun mətbuat xidmətinin məlumatına görə, şəxsi heyətin mənəvi-psixoloji
durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı əsgərlər tərəfindən
milli yeməklərə üstünlük verilir:
“Bu da çox müsbət qarşılanır. Bu səbəbdən sovet ordusunun dövründə olan buğda
yarması, darı, arpa, yulaf kimi ərzaq növləri əsas normadan çıxarılaraq, milli
yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma, düşbərə, müxtəlif çeşidli
plov və digər milli yeməklərlə əvəz olunub. Azərbaycan Ordusunda şəxsi heyətin
qidalanması və gündəlik normanın çatdırılması daimi olaraq nəzarətdə
saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə
olaraq zəruri tədbirlər həyata keçirilir. Bundan başqa, uzun müddətdir ki,
döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədi ilə Azərbaycan
Ordusunda hərbi qulluqçular təsərrüfat işlərinin görülməsi və yeməklərin
hazırlanması kimi işlərdən azad edilib”.
Daxili Qoşunlarda qidalanma necədir?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Daxili
Qoşunlarda şəxsi heyətin normaya uyğun, keyfiyyətli qidalanması diqqət
mərkəzindədir.
“DİN-in Daxili Qoşunlarının hərbi hissələrinin əsgər yeməkxanalarının
fəaliyyəti normativlərə uyğun təşkil olunur. Hərbi hissə komandanlığının xüsusi
nəzarətində olan əsgər yeməkxanalarında hazırlanan qidanın keyfiyyəti, eləcə də
buradakı səliqə-sahmana və gigiyenik qaydalara ciddi əməl edilir. Qidaların
hazırlanması və rasiona uyğun təşkili ilə xüsusi hazırlığı ilə seçilən mülki
işçi heyəti məşğul olur. Hərbi hissələrdə şəxsi heyətinin qida rasionunda milli
mətbəxə üstünlük verilir. Belə ki, şəxsi heyətin qidalanması müvafiq əmrin
tələbləri əsasında təşkil olunur. Həftə ərzində hərbi qulluqçular normativlə
müəyyən olunan qida ilə təmin edilir. Xüsusilə qida rasionuna birinci xörək
yarmalı şorba, lobya şorbası, kələm borşu, düyü şorbası, noxud şorbası, küftə
bozbaş, ikinci xörək olaraq isə qarabaşaq – mal əti ilə, makaron – mal əti ilə,
plov – mal əti ilə, kartof əzməsi – mal əti ilə, kartof əzməsi – mal əti
konservi ilə, kələm dolması, mal əti sousu və s. daxildir. Bununla yanaşı,
gündəlik olaraq mövsümi salatlar və meyvə şirələri də verilir”, – deyə
məlumatda qeyd olunub.
Bəzi ölkələrdə hərbi qulluqçulara spirtli içkilər verilir
Hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Azərbaycan Silahlı qüvvələrinin
hərbi qulluqçuları müstəqilliyin ilk illərində keçmiş Sovet İttifaqı qaydaları
ilə qidalanırdılar.
“Son dövrlər orduda hərbi qulluqçuların qidalanmasında yeniliklər edilib.
Hazırda daha çox milli mətbəxə üstünlük verilir. Bu proses 10 il əvvəl
başlayıb. Hərbi hissələrdə əvvəllər əsgər əməyinə əsaslanan təsərrüfat
işlərinə, hərbi qulluqçuların gündəlik yeməklərinin hazırlanmasına mülki
işçilər, qadın aşpazlar cəlb olunublar. NATO və Sovet İttifaqı standartları
arasında böyük fərq var. NATO-da tətbiq olunan standartlar daha mükəmməldir.
Biz bunu qardaş Türkiyənin hərbi sistemində müşahidə edirik. Türkiyə Silahlı
Qüvvələri ilə hərbi əməkdaşlıq çərçivəsində qida təminatı onlara
uyğunlaşdırılıb. Türkiyə Ordusunun qida təminatı da NATO standartlarına əsasən
təşkil olunur. Müəyyən ölkələr var ki, həmin ölkələrdə hərbi qulluqçulara
spirtli içkilər də verilir. Azərbaycanda yerli şirkətlər ordu üçün quru qidalar
istehsal edirlər. Hər il ordunun qida təminatında yeniliklər edilir.
Müstəqilliyin ilk illərində hərbi qulluqçuların qida rasionunda ətin miqdarı
azaldılmışdı. Hazırda daxili istehsal imkan verir ki, ordu kifayət qədər
keyfiyyətli qida ilə təmin edilsin”, – deyə T.Eyvazov bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, hazırda Azərbaycan Silahlı
Qüvvələrinin hərbi qulluqçularının qida rasionunda müstəqilliyin ilk illəri ilə
müqayisədə xeyli dəyişiklik edilib, müsbət istiqamətdə irəliləyişlər müşahidə
olunur.
“Bununla belə hələ də köhnə standartlardan tam imtina olunmayıb. Prezident
İlham Əliyev ordunun NATO və Türkiyə standartlarına uyğunlaşdırılması barədə
göstəriş verib. Bu istiqamətdə bir sıra yeniliklər olub və yenə də olacağı
gözlənilir. Bu gün istənilən hərbi qulluqçuya müraciət etsək, onlar
qidalanmadan şikayət etməyəcəklər, çünki hərbi hissələrdə gündəlik üç dəfə,
təyinatına görə bəzi qoşun növlərində isə beş dəfə qida ilə təminat olur.
Keçmiş Sovet İttifaqı dövründə hərbi qulluqçuların qidalanması primitiv
üsullarla aparılırdı. Lakin bəzi müsbət tərəflər də var idi. Qidalar
laboratoriyalarda yoxlanılır, onların enerji dəyəri müəyyən olunur, hərbi
qulluqçular fiziki aktivliklərinə görə müxtəlif qidalarla təmin olunurdular”, –
deyə ekspert qeyd edib.
Türkiyədə hərbi qulluqçuların qidalanmasında Osmanlı izi
Türkiyəli hərbi ekspert Osman Qazi Kandemir bildirib ki, Türkiyə Silahlı
Qüvvələrinin qidalanmasında Osmanlıdan qalan ənənəvi qidalanma sistemindən
istifadə edilir.
“Bu sistemdə hərbi qulluqçular əvvəlcədən hesablanan gündəlik kalori
tələbatına uyğun qidalarla təmin olunurlar. Qidaların aylıq maliyyəti
hesablanır. Bu hesaba görə hər əsgərə müəyyən miqdarda pul ayrılır. Bu pullar
cəmlənərək qoşun və birliklərə hərbi qulluqçuların qida rasionunun təmin
edilməsi üçün hesablanır. Mərkəz ərzaq məhsullarını alaraq birliklərə paylayır.
Zabitlərin gündəlik qida tələbatının ödənilməsi üçün əlavə vəsait verilir.
Onlar birliklərdə yemək yeyəndə həmin qidanın xərci onlara ayrılan vəsaitdən
çıxılır. Bu, Osmanlı dövründən davam edən bir sistemdir. NATO və bəzi Qərb
ölkələrində fərqli sistemdən istifadə olunur. Onlar xüsusi yetişdirilən hərbi
qulluqçular, birliklər üçün nəzərdə tutulan ödənişsiz qidalardan istifadə
edirlər. Azərbaycan Silahlı Qüvvələrində də Türkiyənin hərbi təcrübəsindən
istifadə edilir. Təbii ki, bura hərbçilərin qidalanması da daxildir. Ola bilər
ki, Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçuların sayı artdıqca
fərqli sistem istifadə edilsin”, – deyə türkiyəli ekspert vurğulayıb.
Beləliklə, bir daha əmin olduq ki, hərbi qulluqçuların qidalanması onların
döyüş qabiliyyətinə birbaşa təsir göstərir. Bunu 2020-ci ildə 44 günlük Vətən
müharibəsi və tarixi Zəfərimiz də sübut etdi. Əgər zamanın tələbi ilə zamanında
ayaqlaşmasaydıq, ordu quruculuğunu kompleks şəkildə formalaşdırmasaydıq,
bugünkü Azərbaycan Ordusu ilə fəxr edə bilməzdik. Bu gün isə Ordumuzla qürur
duyuruq. Çünki o, qalib ordudur!
“Report” İnformasiya Agentliyi