cb308e26-d3c1-4f66-99f6-98dd4b7a3417..jpg

Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb – FOTO

Baxış sayı: 855 dəfə baxılıb.

Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb –
FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər
rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün mediatur
təşkil edilib.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər
Murovdağ silsiləsinin 3 260 metr hündürlüyündə olan Ömər aşırımından keçərək
Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və rayon ərazisində yerləşən
hərbi hissədə olublar.

Səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya
olunmuş bölmələrə baş çəkiblər.

Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət
və xidmət şəraiti ilə yaxından tanış olublar.

Daha sonra komandoların döyüş hazırlığı yoxlanılıb.

Şəxsi heyət real döyüş şəraitinə uyğun olaraq təlimləri yerinə yetirib. Hərbi
əməliyyatlar əsasən pusqu-basqın, şərti düşmənin dərinliyinə sızma, atış,
minatanlardan atəş və səngər təmizləmədən ibarət olub.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Etibar Axundov “Report”un əməkdaşı
ilə söhbət edən zaman bildirib ki, hərbçilərin döyüş hazırlığı hər təlimdə daha
da artır. Onun sözlərinə görə, bütün hərbi təlimlər relyefə uyğun şəraitdə
reallaşdırılır:

“Hərbçilərimizin döyüş ruhu günü-gündən artmaqdadır. Çünki onlar qalib ordunun
qalib hərbçiləridirlər. Ölkə başçısı tərəfindən şəxsi heyətin sosial-məişət
şəraitinin yaxşılaşdırılması, maddi-texniki təminatı istiqamətində mühüm işlər
aparılıb, eyni zamanda, əsgərlərin döyüş hazırlığının yüksəldilməsi üçün də hər
cür şərait yaradılıb”.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
kiçik çavuş Taleh İsrafilov da Kəlbəcərdə xidmət edən hərbçilərdən biridir. O,
xidməti ilə fəxr etdiyini deyib:

“Burada xidmət edən hər bir zabit və əsgər hava şəraitindən aslı olmayaraq,
hər an Vətənin keşiyində dayanırlar. Mən 44 günlük Vətən müharibəsində Talış
kəndi, Suqovuşan və Ağdərə istiqamətində döyüşmüşəm. Qalib ordunun qalib əsgəri
olmaqdan qürur duyuram. Ölkə rəhbərliyin hər dəqiqə orduya göstərdiyi diqqət,
qayğı nəticəsində təminatımız yüksək səviyyədə təmin edilib. Hava şəraitinin
soyuq olması xidmətə heç bir təsir etmir. Şəxsi heyət də bütün tapşırıqları
yerinə yetirməyə hər zaman hazırdır”.

Source link