9033c7cd-7ad0-433e-9dcd-9e32dd6c0428..jpg

“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter daşıyır” – RƏY + FOTO

Baxış sayı: 589 dəfə baxılıb.

“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter daşıyır” – RƏY +
FOTO

“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter daşıyır və siyasi
səviyyədən iqtisadi, sosial, humanitar sferalara qədər çoxşaxəli istiqamətləri
əhatələyir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
deyib.

İki ölkə arasında əlaqələrin tarixinə toxunan B.Məhərrəmov xatırladıb ki,
Azərbaycan ilə Özbəkistanın eyni kök, eyni dil və din bağına baxmayaraq,
dövlətlərimiz arasında diplomatik münasibətlər nisbətən gec, 2 oktyabr 1995-ci
ildə yaradılıb, 1996-cı ildə Azərbaycanın Daşkənddə, iki il sonra isə
Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, münasibətlərin bu qədər ləng inkişafının kökündə isə
1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün
səbatsız fəaliyyəti olub:

“Bakı bütün müstəvilərdə bizə qardaş olan Özbəkistanla münasibətləri yalnız
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bərpa etməyə nail olub
və bu gün dövlət başçısıİlham Əliyevin iqtidarı dövründə münasibətlərimiz
özünün qızıl dövrünü yaşayır”.

Deputat bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana
gerçəkləşən dövlət səfərinin əhəmiyyəti barədə çox danışmaq olar, lakin bu il
iyulun 24-də İlham Əliyevin özbəkistanlı həmkarına ad günü münasibətilə zəng
edərkən bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik
ifadə edilməsi çox məqamlara aydınlıq gətirir:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin ötən il iyulun 21-də Özbəkistana
səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın
dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi
Bəyannamə imzalanıb. İlham Əliyevin mətbuat üçün birgə bəyanatda ifadə etdiyi
kimi, “bu Saziş mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir”. Bu
çərçivədə münasibətlərin, həqiqətən, strateji səviyyəyə çatması üçün
genişspektrli prioritetlər və birgə fəaliyyət proqramları müəyyən edilib”.

O vurğulayıb ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı qlobal xarakter
daşıyır və siyasi səviyyədən iqtisadi, sosial, humanitar sferalara qədər
çoxşaxəli istiqamətləri əhatələyir:

“Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər, əvvəldə də qeyd
edildiyi kimi, özünün qızıl dövrünü yaşayır, ölkələrimiz istisnasız olaraq
bütün platformalarda vahid mövqedən çıxış edirlər. Özbəkistan 30 il ərzində
Ermənistanla münasibətlərində Azərbaycanın ərazi bütövlüyü və işğal faktorunu
rəhbər tutub. Vətən müharibəsində Zəfərimizdən sonra Azərbaycan Prezidenti və
xalqını ilk təbrik edən beynəlxalq subyektlərdən biri məhz Özbəkistan olub.
Rəsmi Daşkənd özünün siyasi-mənəvi dəstəyini ifadə etmək məqsədilə
quruculuq-bərpa prosesinə dəstək olaraq Füzuli şəhərində Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960
şagird yerlik məktəb inşa edir. Həmçinin, ortaq kökümüz, dilimiz, habelə tarixi
bağlarımız mədəni-humanitar əlaqələr üçün ciddi bazisdir və ölkələrdəki mövcud
siyasi iradə də bu əlaqələrin dərinləşməsi üçün bütün mümkün addımları atır”.

“İqtisadi əlaqələrə gəlincə, statistikaya əsasən, göstəricilər ilk dövrlərlə
münasibətdə azı altı dəfə artıb, lakin Prezident Mirziyoyevin ifadə etdiyi
kimi, “məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmir”.
Bu mənada Daşkənd görüşündə liderlər Azərbaycan-Özbəkistan qarşılıqlı
münasibətlərini genişləndirməyi və həqiqətən, yeni platforma, yeni istiqamətlər
yaratmağı vəzifə olaraq hökumətlərin üzərinə qoydular. Özbəkistan Prezidentinin
ifadə etdiyi kimi, bu istiqamətdə ən mühüm prioritetimiz ticarəti və sənaye
kooperasiyasını genişləndirməkdir. Ötən dövr ərzində bununla bağlı addımlar
atılıb, ipəkçilik avtomobilqayırma, hasilat, neft kimyası, əczaçılıq, tikinti
materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları
istehsalı və şərabçılıq sahələrində onlarla yeni layihələr üzərində iş
aparılıb”, – deputat əlavə edib.

O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni
reallıq, habelə qlobal ziddiyyətlərin dərinləşməsi ilə Azərbaycanın regionda
artan, xüsusən Prezident İlham Əliyevin zamanında uzaqgörənliklə reallaşdırdığı
kommunikasiya layihələrinə daha çox zərurətin meydana çıxması fonunda,
ölkəmizin qlobal nəqliyyat kommunikasiya habına çevrilməsi Özbəkistanla
münasibətlərimizə də təsirsiz ötüşməyib və əməkdaşlığımızın strateji
istiqamətlərindən birinə çevrilib:

“Təbii ki, hədəflər böyükdür, liderlərin iradəsi isə komanda üzərinə ciddi
məsuliyyət qoyub. Qeyd edilənlərin fonunda Özbəkistan Prezidentinin Azərbaycana
bugünkü səfəri ötən il müəyyən edilmiş hədəflərin icrasının səmərəliliyini
təhlil etmək, habelə yeni qlobal düzəndə yeni prioritetlər, birgə hərəkət
planları müəyyən edilməsi üçün mühüm imkan olacaq”.

Source link