479a85fb-935f-41ed-8980-faa32d70e70c..jpg

Azərbaycan poeziyasının dühası Aşıq Ələsgərin doğum günüdür

Baxış sayı: 963 dəfə baxılıb.

Azərbaycan poeziyasının dühası Aşıq Ələsgərin doğum günüdür

Bu gün Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması
olan Aşıq Ələsgərin doğum günüdür.

Cixisyolu.com xatırladır verir ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə
kəndində anadan olub. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılıb; əsas
məşğuliyyəti dülgərlik olub. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq
istedadı olub. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyib.

Alməmməd kişinin ailəsi böyük olub: dörd oğlu, iki qızı dünyaya gəlib.
Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun
daşıyıb, Göyçə mahalının kəndlərində satıb, 8 nəfər külfətini bir qarın ac, bir
qarın tox dolandırıb.

Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalıb. Artıq o, ailəsinin
ehtiyaclarını ödəyə bilməyib, tez-tez maddi çətinlik qarşısında qalıb. Buna
görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya
nökər verib. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edib.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı
adında 10-12 yaşlı bir qızı olub. Yeniyetmə Ələsgərlə onun arasında mehriban,
səmimi münasibət yaranıb, onlar bir-birini seviblər. Ancaq Kərbəlayı Qurbanın
Məhərrəm adlı bir qardaşı olub. Var-dövləti çox olduğuna görə mahalda ona
“pullu Məhərrəm” deyiblər. O, Səhnəbanını öz oğluna almaq istəyib. Buna görə
gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı
Qurbanın həyətindən qovdurub. Səhnəbanını isə öz oğluna alıb. Uşaqlıq və
yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala
bilməyib. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və
ağsaqqallarının yanında öyrənib. Hələ kiçik yaşlarından tez-tez müxtəlif
məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına,
aşıqların dastanlarına həvəslə qulaq asıb. Güclü yaddaşı olduğundan eşitdiyi
söhbətlərin hamısını hafizəsində saxlayıb, sonra heç bir çətinlik çəkmədən
başqalarına danışıb.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca
zirvələrini fəth edən sənətkarlardan olub. Aşıq poeziyasını bol həyati
müşahidələrlə zənginləşdirib, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf,
duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk
şeirinə misilsiz xidmətlər göstərib.

O, bir sıra görkəmli aşıqlardan dərs alıb, özündən sonra gələn aşıqlara
qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə
müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb.

O, ilk şerlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının
təsiri ilə söyləyib. Səhnəbanıdan ayrılandan sonra isə ilhamı daha da
coşub-çağlayıb, çalıb-oxumağa, söz deməyə meyli çoxalıb. Bu zaman atası onu
qızılvəngli Aşıq Alının yanına aparıb, Ələsgər Alının şagirdi olub.

Bir müddət ustad yanında şagirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə
bərabər, ədəb və mərifət qaydalarını da öyrənib. Aşıq Alı onu tamam
hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişib və şagirdinin
şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub
edərək sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəyib. Ələsgər isə böyük
təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu
sözlərlə ifadə edib:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar

Şagirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq edib,
ağır toy məclisləri aparıb. Tezliklə onun şöhrəti qonşu mahallara yayılıb,
Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir
ellərinə, Gəncəyə, Kəlbəcərə çağırılıb, hər yerdə özünün yüksək mərifəti,
ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoyub.

Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi kimi zahiri görkəmi də
aşıqlıq sənəti üçün biçilib. Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək,
bədəncə sağlam, qüvvətli olub. Qara gözləri, qalın çatma qaşları, dolu sifəti,
iri burnu olub. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər,
başına buxara papaq qoyub. Başını təmiz qırxdırıb saqqal saxlayıb. Sazı sol əli
ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirər, zil nazik səsi ilə çox şirin
və məlahətli oxuyub.

Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirib, ustad bir
sənətkar kimi məşhurlaşdırıb. Tezliklə aşığın ətrafına çoxlu şagird toplaşıb,
Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salıb, saz tutub söz deməyi
öyrədib. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşıb.

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən
Ələsgər 40 yaşına qədər subay qalıb, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım
adlı bir qızla evlənib. O, gözəl bir ailə başçısı olub, həmişə uşaqlarının
maddi-iqtisadi qayğılarını çəkib. Övladlarının nazı ilə oynayan aşıq, eyni
zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərib.

Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini
işdən çəkməyən bir adam olub. Yaz-yay aylarında əkinçiliklə, qışda isə
aşıqlıqla məşğul olub. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot
biçininə gedər, xırman işləri görüb. Onun əlindən dülgərlik, araba bağlamaq,
dəyirman sazlamaq, ev tikmək işləri də gəlib. Ömrünün çoxunu xalqın içərisində,
toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox,
Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınıb. XIX əsrin
50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq
xalqın şad günündə, toy-düyünündə çalıb-çağırıb, onun ağır vəziyyətini gördükdə
baisi yamanlayıb, ona lənətlər yağdırıb.

Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neçə bədbəxt hadisə baş verib.
1910-cu, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən
sonra qayıdıb Ağkilsəyə gəlib. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə
vurub öldürüb. Bu hadisədən möhkəm təsirlənən aşıq:

Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi – bəndi ilə başlayan qoşmasını yazıb.

1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verib: qardaşı oğlu,
həm də kürəkəni cavan yaşında vəfat edib. Bir il sonra oğlu Bəşir kəndin
koxasını güllə ilə vurub qaçıb. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl
oğlu Əbdüləzizi tutublar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə,
qəm-kədər əmələ gətirib. Onun sənətkar ürəyi elə tutulub ki, bir daha əlinə saz
alıb çala bilməyib.

1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə
mahalının var-yoxu talanıb, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə
köçməyə məcbur olub. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə
köçüb, bir neçə ay da orada qalıb. Bu yerlərin hər birində aşığı hörmətlə
qarşılasalar da, onun ürəyi-gözü Göyçədə qalıb. Qəlbi tez-tez qubarlanır,
gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq
yaylaqları üçün darıxıb.

Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdıb, ömrünün son illərini doğma
kəndində yaşayıb. Ancaq onun çal-çağırlı günləri qurtarıb. Ömrünü toylarda,
şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxıb, qocalıqdan, xəstəlikdən
şikayətlənib.O, tez-tez keçmiş günləri xatırlayıb, dünya, həyat barədə düşünüb
kədərlənib:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə
qəbiristanlığında dəfn olunub. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları
onun əsərlərini toplayıb yazıya alıb və nəşr ediblər. 1972-ci ildə Aşıq
Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə
ilə qeyd olunub, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun
əsərlərinin ikicildlik elmi nəşri hazırlanıb və çap olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211
nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət
varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Source link