0120d074-8614-4372-a10d-69657fda0359..jpg

Azərbaycan polad və dəmir məftil idxalını niyə kəskin artırıb? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 686 dəfə baxılıb.

Azərbaycan polad və dəmir məftil idxalını niyə kəskin artırıb? – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gürcüstandan dəmir və polad məftil alışını 100 dəfəyə yaxın
artırıb. Ötən il Azərbaycana 15,4 milyon ABŞ dolları dəyərində 15 518 ton
dəmirdən və ya aşkarlanmamış poladdan məftil idxal edilib. Bu rəqəmin
birdən-birə bu qədər artması müəyyən suallar doğurur.

Daxili polad və dəmir istehsalı fonunda bu artım hansı səbəblərlə bağlıdır?

“Kaspi”

qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb:

Xammal xaricdən gətirilir

İqtisadçı Fuad İbrahimov açıqlamasında bildirib ki, əksər hallarda bu məhsul
ölkəmizə hazır şəkildə gəlmir. Onu özümüz istehsal edirik:

“Məftil də dəmir və poladdan hazırlanır. Polad məftillər tikintidə istifadə
olunur, armatur və beton işlərinin görülməsində ən vacib detallardan biridir.
Poladəritmə zavodumuz var. Bu məhsulları istehsal etmək iqtidarındadır. Hazır
məhsullar buraxırıq. Xammal formasında məhsulu alırıq və istehsalı ölkəmizdə
edirik. Ukraynadan da alırıq. Əsas xammal bazası kimi həmişə Rusiya və Ukrayna
daha öndə olub. Bizdə həmin ölkələrdən xammaldan hazırlanmış “balvanka” deyilən
materiallar gətirilir və onların əsasında armaturlar, məftillərin hazırlanması
həyata keçirilir”.

Daxili istehsal ehtiyacı qarşılaya bilmir

F.İbrahimovun sözlərinə görə, hazırda Qarabağ iqtisadi zonasında tikinti
prosesləri davam etdiyi üçün yerli müəssisələrimizin istehsal gücü zəifləmiş
ola bilər:

“Hazır məhsul da almağımız mümkündür. Çünki torpaqlarımız işğaldan azad
olunduqdan sonra əsaslı tikinti, yenidənqurma və abadlıq işləri gedir. Böyük
tunellər tikilir. Hansı ki, onların tikintisində xeyli miqdarda poladdan və
dəmirdən, həmçinin onlardan hazırlanmış ləvazimatlardan istifadə olunur. Çox
güman daxili istehsalın bu ehtiyacı qarşılayacaq gücü yoxdur, əhatə edə bilmir.
Bu halda təbii ki, idxala ehtiyac yarana bilər. Bizim dəmir və filiz
yataqlarımız olsa da, onları hələ də qlobal şəkildə iqtisadi dövriyyəyə cəlb
edə bilməmişik”.

“Bu sahədə idxaldan asılıyıq”

O qeyd edib ki, burada qiymət faktorunun da rolu böyükdür:

“Bəzən hazır məhsulu qiymətinə görə xaricdən gətirmək daha sərfəlidir. Yəqin
ki, indiki vəziyyətdə Gürcüstandan gətirilən məhsulların kəmiyyət artımı da
bununla bağlıdır. Amma bu da daimi olan proses deyil. Müəyyən dövrdən sonra
qiymətlər yenidən yüksəldikdə başqa tendensiyanı müşahidə edə bilərik”.

Ekspertin fikrincə, xammal bazamız olmadığı üçün idxaldan asılıyıq:

“İstehsalın artırılması üçün xammal bazamız olmalıdır. Hər bir halda
“balvanka” formasında polad həcmlərini idxal etməliyik. Çünki məftil də,
armatur da və digər tikinti məhsulları da ondan hazırlanır. Yəni, idxaldan
asılıyıq”.

Çox böyük investisiya tələb edir

İqtisadçı Rəşad Həsənov da düşünür ki, birdən-birə kütləvi şəkildə tələb
artdıqda daxili istehsalçılar yeni vəziyyətə uyğunlaşa bilmirlər. Bu sahə ağır
sənaye növü hesab olunduğu üçün çox böyük investisiya tələb edir.

Ekspertin sözlərinə görə, ola bilər ki, bizim istehsal etdiyimiz növ məftillər
alıcıları qane etmir. Bu halda xaricdən fərqli növlərin idxal edilməsi normal
haldır:

“Bazarda seçim məsələsini də unutmamalıyıq. Bütün zəruri məhsulları daxildə
istehsal etsək də bu, o demək deyil ki, artıq xarici ölkələrdən idxal
olmayacaq. Bəzi hallarda keyfiyyətinə və qiymətinə görə fərqli alıcılar
müxtəlif mənbələrdən əldə edilən məhsullara üstünlük verirlər. İstənilən halda,
bu sahədə idxal hər zaman mövcud olacaq. Böyük ehtimalla, artan tələb dövlət
sifarişi hesabına formalaşır. Dövlət sifarişi hesabına yaranan tələbi
qanunvericiliklə hansısa formada yerli istehsala yönəltmək mümkündür”.

“Bu sahədə potensialımız böyükdür”

R.Həsənov qeyd edib ki, xammalı özümüz də əldə edə bilərik. Amma bunun üçün
müəyyən addımların atılmasına ehtiyac var:

“İstehsalımızı artırmaqla bağlı imkanlar mövcuddur. Hazırda mövcud müəssisələr
tam gücü ilə işləyə bilmir. Həm infrastrukturun təkmilləşdirilməsi, həm
məhsuldarlığın artırılması lazımdır. Eyni zamanda, işğaldan azad olunmuş
ərazilərimizin filiz və mədən yataqlarının da potensialı böyükdür. Həmin
ərazilərdə olan potensialın qısa müddət ərzində istifadəsi üçün infrastruktur
formalaşdırılarsa, bu sahəyə investorlar təşviq edilərsə, tələbin əhəmiyyətli
hissəsini yerli resurslar hesabına da kompensasiya etmək mümkün olacaq”.

Source link