13f19ab5-88af-4004-816b-af9e5e21d0bc..jpg

Azərbaycan Polşada keçirilən Beynəlxalq Musiqi Festivalında təmsil olunub – FOTO

Baxış sayı: 646 dəfə baxılıb.

Azərbaycan Polşada keçirilən Beynəlxalq Musiqi Festivalında təmsil olunub –
FOTO

Polşanın Bıdqoşç şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Mədəniyyət
Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqisi gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gecədə gənc ifaçılar Nisbət Sədrayeva və Hüseyn
Məlikov tanınmış musiqiçilər Rövşən Qurbanov, Toğrul Əsədullayev, Vüsal
Bayramov və Rafael İsgəndərovun müşayiəti ilə muğamlarımızdan nümunələr, xalq
mahnıları və görkəmli bəstəkarlarımızın əsərlərindən parçalar səsləndiriblər.

Gecənin açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və konsertin
təşkil olunduğu Pomeraniya Filarmoniyasının direktorunun müavini Tsezari
Nelkovski çıxış ediblər.

Səfir N.Qurbanova, ilk növbədə, gecənin təşkilində göstərdikləri dəstəyə görə
Azərbaycan Mədəniyyət Nazirliyinə və Pomeraniya Filarmoniyasına təşəkkür edib.
O, cari ilin bir sıra yubileylər ilə əlamətdar olduğunu – müsəlman Şərqində ilk
parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının 105,
Azərbaycan teatrının 150, Azərbaycan kinematoqrafiyasının 125, müsəlman
dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 115 illiyinin qeyd
olunduğunu söyləyib.

Çoxəsrlik Azərbaycan musiqisinin öz hüdudlarını aşaraq qlobal musiqi irsinin
ayrılmaz hissəsinə çevrildiyini qeyd edən səfir, Azərbaycanın musiqi məbədi
olan Şuşa şəhəri barədə izləyicilərə məlumat verib. Qeyd edib ki, Azərbaycanın
demək olar, bütün tanınmış musiqiçiləri – xanəndələr, instrumental ifaçılar,
bəstəkarlar “Şərqin Konservatoriyası” hesab olunan və 2023-cü ildə “Türk
Dünyasının Mədəniyyət Paytaxtı” olan Şuşa şəhərindəndir. O, Şuşanın həm də
müsəlman Şərqində ilk operanın müəllifi olan görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin vətəni olduğunu vurğulayıb. Eyni zamanda, N.Qurbanova
bəstəkarın doğulduğu Şuşa şəhərinin bu yaxınlarda Üzeyir Hacıbəyli XV
Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb.

N.Qurbanova Bıdqoşç musiqi festivalı tarixində ilk dəfə olaraq azərbaycanlı
musiqiçilərin iştirakını böyük məmnuniyyət hissi ilə qeyd edib, konsert
proqramında musiqiçilər tərəfindən səsləndiriləcək muğamlar barədə izləyicilərə
məlumat verib. O, Azərbaycan muğam sənətinin UNESCO-nun qeyri-maddi mədəni
irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi, Bakı, Şamaxı,
Gəncə, Qarabağ muğam məktəbləri barədə danışıb.

Pomeraniya Filarmoniyasının direktorunun müavini T.Nelkovski çıxış edərək,
Beynəlxalq Musiqi Günündə Azərbaycan musiqi gecəsinin təşkilindən məmnunluğunu
bildirib. Ölkələrimiz arasında tarixən mövcud olmuş mədəni əlaqələrə diqqət
çəkən T.Nelkovski Azərbaycanda memarlığın inkişafına polyak memarların
töhfəsindən bəhs edib. Ədəbi və digər sahələrdə də ölkələrimiz arasında
əlaqələrə toxunan direktor müavini təşkil olunan konsert gecəsinin bu
əlaqələrin davamı olduğunu bildirib.

Altı yüzdən artıq tamaşaçının iştirak etdiyi konsert proqramının sonunda
qonaqlara Azərbaycan şərabları, ölkəmizin ləziz mətbəxindən təamlar təqdim
olunub.

Konsert çərçivəsində musiqiçilərimiz Polşa Televiziyasının Bıdqoşç bölməsinə
müsahibə veriblər. Konsert polşalı musiqisevərlər tərəfindən böyük maraq və
rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Bıdqoşç şəhərində 1963-cü ildən etibarən keçirilən musiqi
festivalına Pomeraniya Filarmoniyası ev sahibliyi edir. Polşanın mədəni
həyatında mühüm hadisə hesab olunan festival həm bu ölkədə, həm də onun
hüdudlarından kənarda peşəkar musiqi dairələri arasında böyük nüfuza malikdir.

Source link