Azərbaycan Premyer Liqası: Sürprizlərlə zəngin dövrə nə göstərdi? – TƏHLİL
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrədən sonra yaranan
mənzərə həm gözlənilməzdir, həm müəyyən mənada qəribədir, həm də rəqabətin
yüksək səviyyədə olduğunun göstəricisi hesab olunmalıdır. Sürprizlərlə zəngin
olan ilk dövrə proqnozları alt-üst etdi.
Yəqin ki, mövsümdən öncə ilk doqquz turun yekununda “Zirə”nin zirvədə
qərarlaşacağını təxmin edənlər elə də çox deyildi. Yalnız, bəlkə, qəsəbə
təmsilçisinin ən optimist azarkeşləri buna ümid edirdilər. Qətiyyən bununla
Rəşad Sadıqovun komandasının hazırkı mövqeyinə uyğun olmadığını iddia etmirik.
Komanda nəticəyə oynayır və ən əsası – bunu əldə edə bilir. Lakin praqmatik
oyun üslubu, xüsusən, son illərin futbolunda uğur üçün kifayət etmir. Hətta
Dieqo Simeone kimi mütəxəssis də zaman keçdikcə bundan imtina edir. Bununla
belə, heyətinin potensialına görə “Zirə” bir növ bu üslubda çıxış etməyə
məcburdur. Komandasının gücünü düzgün qiymətləndirən Sadıqov da eyni yanaşmanı
sərgiləyir.
“Zirə”nin sona qədər çempionluq mübarizəsində olduğunu iddia etmək çətindir.
Bu cür oyun üslubuna üstünlük verən komandaların gözlənilməz məğlubiyyətləri də
az olmur. Ancaq onsuz da, “qartallar”ın əsas məqsədi avrokuboka vəsiqədir.
Yaxşı start ali hədəfə gedən yolda “Zirə” üçün böyük üstünlük olacaq.
“Qarabağ” favorit adına uyğun oyun sərgiləyən və nəticələr qazanan yeganə
kollektivdir. Komanda yayda bir neçə əsas oyunçusunu itirsə də, yeni gələnlər
böyük ölçüdə uyğunlaşa biliblər. “Atlılar” həm Avropa Liqasında qrup
mərhələsinə əla start veriblər, həm də artıq Premyer Liqada güc fərqini ortaya
qoymağa başlayıblar. Düzdür, komanda artıq iki dəfə məğlub olub və bu,
ağdamlıların ölkə çempionatı performansı üçün xarakterik deyil. Lakin “Sabah”
və “Neftçi” üzərində əldə edilən inamlı qələbələr Qurban Qurbanovun
“drujina”sının yenidən çempionluğa ən real namizəd olduğunu sübut etdiyini
demək üçün kifayətdir.
“Səbail”in üçüncü sırada qərarlaşması da gözlənilməzdir. Əslində, paytaxt
təmsilçisinin ötən mövsüm son turda elitada yerini qoruması da gözlənilməz
olmuşdu. Klubun büdcəsi daha yaxşısını etməyə imkan verirdi. Görünür, baş
məşqçi Şahin Diniyev potensialdan daha yaxşı istifadə etməyi bacarır. Heyətin
düzgün formalaşdırılması, dəqiq transferlərin edilməsi “dənizçilər”in hazırkı
mövqeyini normal qarşılamağa əsas verir. Komanda həm baxımlı, cəsarətli futbol
göstərir, həm də yaxşı nəticələr əldə edir.
“Araz-Naxçıvan” ilk dövrənin əsas sürprizidir. Azər Bağırovun komandası aşağı
liqadan gələn kollektivin autsayder olacağı mifini dağıtmaqdadır. Yayda ardıcıl
legioner transferlərinin edilməsi hətta klubu gülüş obyektinə çevirsə də,
qazanılan nəticələr fəaliyyət istiqamətinin doğru seçildiyini deməyə əsas
verir. Azər Bağırov qısa müddət ərzində formalaşdırdığı heyətə oyun
fəlsəfəsinin təməl prinsiplərini aşılaya bilib və bu, effekt verir. Düzdür,
“Araz Naxçıvan”ın yekun sıralamada ilk dördlükdə qərarlaşmaq ehtimalı azdır,
ancaq artıq doqquz tur kifayət edib ki, kollektiv özündən bəhs etdirməyi
bacarsın.
“Neftçi”nin çempionluğa əsas iddiaçılardan olacağı gözlənilsə də, hələlik
reallıq proqnozlarla üst-üstə düşmür. Düzdür, “ağ-qaralar” liderlərdən cəmi
yeddi xal geri qalırlar və qarşıda üç dövrənin olduğunu nəzərə alsaq, bunu
aradan qaldırmaq mümkündür. Lakin eyni zamanda, bir dövrə üçün yeddi xallıq
fərq çoxdur. Komandanın yeni baş məşqçi Adrian Mutunun sisteminə uyğunlaşması
zaman alır. Transferlər çoxdur və onlar oyun üslubuna adaptasiya olmalıdırlar.
Paytaxt təmsilçisi son görüşdə “Qarabağ”a yenilsə də, bəzi müasir oyun
elementlərinin görülməsi gələcək üçün ümid yaradır. Mutunun sabit start heyəti
formalaşdırması, yeni oyunçuların uyğunlaşması ilə tam potensialını ortaya
qoymağı bacaran “Neftçi” çempionluğa əsas iddiaçılardan ola bilər. İlk dövrə
yaxşı keçməsə də, qarşıda vəziyyəti dəyişmək üçün vaxt və bacarıq kifayət
qədərdir.
“Turan Tovuz”la “Sumqayıt” əsl ortabablardır. Bu komandaların hər ikisinin
ortaq çatışmazlığı var: stabillik. Həm qərb təmsilçisi, həm “gənclik şəhəri”
klubu yayda heyətlərində xeyli yeniliklər ediblər. Xüsusən, “Sumqayıt” sanki
başdan yığılıb. Tovuz klubu isə çatışmazlıqları doldurmağa çalışıb. Hər iki
kollektiv bəzi görüşlərdə potensiallarından daha aşağı çıxış ediblər. Lakin
eyni zamanda, çox yaxşı göründükləri oyunlar da olub. Güman ki, “Sumqayıt” və
“Turan Tovuz” mövsümün sonuna qədər bu cür qeyri-sabit davam edəcəklər və orta
sıralarda qərarlaşacaqlar.
“Sabah” isə qətiyyən özünə bənzəmir. Bəziləri bunu komandanın Konfrans
Liqasında Serbiya “Partizan”ına dramatik məğlubiyyəti ilə, bəziləri Aleksey
Kaşuk, Coy-Lens Mikels kimi liderlərin gedişi ilə əlaqələndirirlər. Lakin bir
qarşılaşmanın təsirində bu qədər uzun müddət qalmaq inandırıcı deyil. Eyni
zamanda, gedənlərin yerinə yeniləri, bəlkə, daha yaxşıları transfer edilib.
Komanda, sadəcə, “qara zolaq”dadır. Üstəlik, rəqiblər sanki artıq baş məşqçi
Murad Musayevin taktiki gedişlərini tam təhlil ediblər. Komandanın potensialı
ilk üçlüyədir. Lakin ilk dövrədəki uğursuz nəticələr bunu çətinə salır. “Sabah”
toparlanacaq, amma keçən mövsüm olduğu kimi, çempionluğa oynayacağını iddia
etmək üçün heyətin gücündən başqa hər hansı arqument yoxdur.
“Qəbələ” də gözlənilməz uğursuzlardandır. Konfrans Liqasında oynayan kollektiv
mövsümə o qədər pis başladı ki, hətta bir neçə tur son sırada idi. Sonradan
müəyyən qədər toparlanan Elmar Baxşıyevin komandası autsayder damğasından xilas
olmağı bacarıb. Lakin hələ də işlər qaydasında getmir. “Qırmızı-qaralar”
liderlərini əldən veriblər və görünən qədər yeni transferlər həmin boşluqları
aradan qaldırmaq gücündə deyillər. “Qəbələ” bu mövsüm ən yaxşı halda
ortabablardan olacaq. Komandanın avrokuboka oynamaq potensialı görünmür.
“Kəpəz”, gözlənildiyi kimi, son sıradadır. Bəli, komandanın heyəti hazırkı
mövqeyinə tamamilə mütənasibdir. Gəncə klubu hətta debütant “Araz-Naxçıvan”dan
daha zəif oyunçu arsenalına sahibdir. Baş məşqçi Azər Məmmədov komandaya
baxımlı futbol oynatmağa çalışsa da, heyət bunu bacaracaq gücdə deyil.
Gəncəlilərin problemi, xüsusən, hücum etməli olduqları, nisbətən münasib
rəqiblərlə görüşlərdə qabarır. “Kəpəz” qışa qədər əsas rəqiblərindən çox geri
düşməsə, fasilədə yeni oyunçuların cəlb olunması ilə vəziyyəti dəyişmək
ehtimalı yarana bilər. Əks halda komanda sona qədər “zirzəmi”nin sakini olacaq.
Azərbaycan Premyer Liqasında turnir cədvəli
N
Klublar
O
Q
H
M
T-F
X
1.
“Zirə”
9
6
1
2
9-5
19
2.
“Qarabağ”
9
6
1
2
18-6
19
3.
“Səbail”
9
5
2
2
15-11
17
4.
“Araz-Naxçıvan”
9
4
2
3
9-9
14
5.
“Neftçi”
9
3
3
3
7-7
12
6.
“Turan Tovuz”
9
3
2
4
12-11
11
7.
“Sumqayıt”
8
3
2
3
8-10
11
8.
“Sabah”
8
1
4
3
11-12
7
9.
“Qəbələ”
9
2
1
6
6-16
7
10.
“Kəpəz”
9
1
2
6
5-13
5
Faiq Tahirov