Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura həftəsonu keçirilən oyunlarla
yekun vuruldu. Bununla həm də 4 dövrədən ibarət çempionatda I dövrə arxada
qaldı və komandalar məcburi istirahətə yollandılar. Səbəb yığmaların UEFA
Millətlər Liqasında keçirəcəkləri oyunlardır. Azərbaycan millisi də qarşıdakı
günlərdə iki görüşə çıxacaq. Daha konkret desək, Fernandu Santuşun rəhbərlik
etdiyi kollektiv oktyabrın 11-də Tallində Estoniyanın qonağı olacaq, 14-də isə
Bakıda Slovakiya ilə münasibətləri aydınlaşdıracaq.
Portuqaliyalı mütəxəssis tərəfindən dəvət edilən futbolçuların bir qismi
millinin düşərgəsinə fərqli əhvali-ruhiyyədə qoşulub ki, bu da onların
komandalarının Azərbaycan Premyer Liqasında çıxışı ilə bağlıdır. Hətta bir
oyunu ehtiyatda olan, 8 matçdan sonra 21 xalla zirvədə qərarlaşan “Qarabağ”ın
futbolçularının belə əhvali-ruhiyyəsi tam qaydasında deyil. Təbii ki, səbəb
ölkə çempionatı yox, Ağdam təmsilçisinin UEFA Avropa Liqasının Liqa mərhələsinə
uğursuz start verməsidir. Londondakı ilk oyunda “Tottenhem”ə 0:3 hesablı
məğlubiyyətdən sonra Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına
Respublika stadionunda gözlənilmədən “Malmö”yə (İsveç) uduzaraq azarkeşlərini
xəyal qırıqlığına uğratdı. Bununla da qələbəsiz oyunlar seriyası dördə çatdı.
“Qarabağ” daha öncə Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb
“Dinamo”suna da hər iki görüşdə yenilmişdi – 0:3, 0:2. Daxili çempionatda isə
işlər yolunda gedir, komanda həmişəki kimi dominantlıq edir.
Premyer Liqanın digər iddialı iki komandası – “Zirə” və “Sabah”ın durumu isə
tam qaydasında deyil. Azərbaycanı cari avrokubok mövsümündə təmsil edən
kollektivlər hərəyə 15 xalla turnir cədvəlində uyğun olaraq 4 və 5-ci
pillələrdə yer alıblar. Bu komandaları lider “Qarabağ”dan artıq 6 xal ayırması
çox mətləblərdən xəbər verir. Paytaxt təmsilçiləri hələ sabit çıxış qrafiki
yaxalaya bilməyiblər. Fasilədən sonra necə olacağını isə zaman göstərəcək.
“Sumqayıt” da təəccübləndirənlərdəndir. Yayda Konfrans Liqasında mübarizəni
erkən dayandıran “gənclik şəhəri”nin təmsilçisinin çempionatda durumu ürəkaçan
deyil. Samir Abasovun komandası 9 oyundan sonra 7 xalla 8-ci pillədən
“boylanır”. Mövsümün startı ərəfəsində büdcəsində nəzərəçarpan dərəcədə azalma
baş verən “Səbail”in də hesabında 7 xal var. Amma Şahin Diniyevin rəhbərlik
etdiyi komanda fasiləyə 7-ci yerdə yollanıb.
Altıncı pillədə cari mövsümün debütantı “Şamaxı” qərarlaşıb ki, bunu da xoş
sürpriz saymaq lazımdır. Baş məşqçi Ayxan Abbasov tərəfindən, demək olar ki,
yenidən formalaşdırılan bölgə təmsilçisi keçirdiyi 8 oyunda 12 xal toplayıb.
Ötən mövsümün yekunlarına əsasən, avrokuboklardan kənarda qalan, Azərbaycan
futbolunu yaxşı tanıyan, “Qəbələ” ilə uğurlara imza atan Roman Qriqorçuku yay
fasiləsində “sükan arxasına” gətirən “Neftçi” I dövrədə qətiyyən özünə
bənzəmədi. Flaqman arxada qalan 9 oyunda qələbə qazana bilmədi. Hesabında 5
heç-heçə, 4 məğlubiyyət olan komandanın top fərqi də bərbaddır – 6-15. Sözsüz,
paytaxt təmsilçisi I dövrənin pis mənada ən çox təəccübləndirən komandasıdır!
“Neftçi”nin Tovuz şəhər stadionunda keçirilən son oyunda aşkar autsayder
“Kəpəz”ə uduzmasının, ümumiyyətlə, məntiqli izahı yoxdur. Qələbəyə həsrət
qalan, maddi durumu çox zəif olan, ev oyunlarını məcburiyyətdən Tovuzda
keçirən, əvvəlki 8 matçda cəmi 2 qol vuran Gəncə təmsilçisinin 4:3 hesablı
qələbəsi aydın səmada şimşək effekti verdi. Məhz bu qarşılaşmadan sonra Roman
Qriqorçukun istefası gündəmə gəldi və klub rəhbərliyi dünən bu məsələ ilə bağlı
gözlənilən qərarı verdi. Beləliklə, iyunun 26-da baş məşqçi postuna təyin
olunan ukraynalı mütəxəssisin “Neftçi” karyerası oktyabrın 7-də rəsmən başa
çatdı…
“Turan Tovuz”la “Araz-Naxçıvan”ın I dövrədən sonra uyğun olaraq 2-3-cü
pillələrdə yer alacağını cari mövsümün startı ərəfəsində kimsə desəydi, onu
daş-qalaq edərdilər. Amma reallıq budur ki, bu komandalar hazırda lider
“Qarabağ”ın ən yaxın izləyiciləridir. Ağdam təmsilçisinin yeganə
məğlubiyyətinin altında məhz “Turan Tovuz”un imzası var. Mövsümə tanınmış
mütəxəssis Kurban Berdıyevin rəhbərliyi altında başlayan Tovuz təmsilçisi 18
xala malikdir. Komanda keçirdiyi 9 oyunda cəmi 1 dəfə məğlub olub.
“Araz-Naxçıvan” da Elmar Baxşıyevin rəhbərliyi altında yüksələn qrafik cızır.
Söhbət təkcə 8 oyunda qazanılan 17 xaldan getmir. Müvəqqəti olaraq Bakıya
sığınan bölgə təmsilçisi sabit çıxışla azarkeşlərini sevindirir.
Əlbəttə, bütün bunlar bir dövrəyə, 8-9 oyuna əsasən gəlinən qənaətdir.
Azərbaycan Premyer Liqası isə 2025-ci il mayın sonuna qədər davam edəcək uzun
marafondur. Yəni milli fasilədən sonraya təsadüf edəcək II dövrədə belə çox şey
dəyişə bilər. Elə yanvarda açılacaq qış “transfer pəncərəsi” də tarazlığın
dəyişməsinə səbəb ola bilər. Bu üzdən çempionatın finiş xəttinə çatmasını
gözləmək daha doğru olar.
“Report” İnformasiya Agentliyi