Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi
sənədi kimi yayılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dekolonizasiya:
Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına noyabrın 21-də etdiyimüraciəti
BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev “X” hesabında yazıb.
Müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları,
Hörmətli xanımlar və cənablar,
Sizi “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda
keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif
qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıya
toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini
pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair
gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan
qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması
sevindirici haldır.
Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması
xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları
tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə, habelə
xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının
işğalından azad edilməsinə öz töhfəsini vermişdir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət
üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi
ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu
xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi,
dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir.
XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara
məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir.
Azərbaycan kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda
qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduqca narahatdır.
Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın
müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan
Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan
xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam
etdirir.
Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa
tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və
Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən,
sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin
ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir,
fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc
sakini soyqırıma məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul
ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı
Fransanın qul siyasətinin qurbanı olmuşdur.
Mən, Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi
ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi
vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti,
Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon,
Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir
neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən
qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin
800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.
1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın
müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin
Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də
Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.
BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində
suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər
arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və
etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan
sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya
məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız
müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin
qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan
Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı
qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot
adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların
nəticələri qeyri-qanunidir.
BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq
Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib.
Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan
Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot
Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının
ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi
statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.
Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan
sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə
pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb.
Bu açıq-aşkar işğal və anneksiyadır.
Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin
utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan
dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə
aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda,
Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan
xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların
reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika
qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə
davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi
barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər
dəhşət doğurur.
Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim
regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və
separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət
həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni
müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT
Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv
siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi
intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq
vasitəsi kimi istifadə etməyə cəhdlər edir.
Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları
ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək
praktikasına son qoymalıdır.
Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya
və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici
və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki
ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali,
Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm
siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə
zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə
görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan
və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyul və 20
oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda
keçirilən Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında
Nyu-Yorkda BMT BA-nın qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün
xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə
mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının
sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.
Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda,
BMT Baş Assambleyasının 4-cü Komitəsinin fəaliyyəti və beynəlxalq təşkilatlar
çərçivəsində mübarizə daha da canlandırılmalıdır. Qadınların rolu daha da
gücləndirilməli, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək
verilməlidir.
Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə
bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün
əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr
kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına,
bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras
qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.
Address by the President of the Republic of Azerbaijan, Ilham Aliyev, to
participants at the Non-Aligned Movement conference on “Decolonization: Women’s
Empowerment and Development” circulated as the United Nations General Assembly
(A/78/611) and Security Council (S/2023/905)…pic.twitter.com/KmOVDWc11p
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 5, 2023