15460b2e-4f95-4d5b-a3c0-49419acdd20c..jpg

Azərbaycan qaziləri könüllü şəkildə Türkiyəyə yardıma gediblər – FOTO

Baxış sayı: 896 dəfə baxılıb.

Azərbaycan qaziləri könüllü şəkildə Türkiyəyə yardıma gediblər – FOTO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı zərərçəkənlərə kömək məqsədilə
Azərbaycandan qardaş ölkəyə iki nəfər qazi könüllü gedib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın
Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş kəşfiyyatçısı Vüsal Paşazadə və onun
dayısı oğlu, Vətən müharibəsi qazisi, XTQ mənsubu olmuş Ruslan Kərimov öz
istəkləri ilə qardaş ölkədə təbii fəlakətdən zərərçəkən insanlara yardım
göstərirlər.

Aprel döyüşlərinin qazisi, Vətən müharibəsinin könüllü iştirakçısı olmuş hər
iki döyüşçü Kahramanmaraşla yanaşı digər şəhərlərdə də zərərçəkmişlərə yardım
edirlər.

V.Paşazadə bildirib ki, dayısı oğlu ilə birlikdə evsiz qalan insanlar üçün
çadırların qurulmasında yardım göstərirlər:

“Türkiyədə zəlzələ baş verəndən sonra hər bir azərbaycanlı kimi, qardaş ölkəyə
gedib könüllü iştirak etmək qərarına gəldik. Çünki televiziyalarda dağıntılar
altında qalan insanları görəndə bu, bizə çox təsir edirdi. Biz də buna dözmədik
və Ruslanla birlikdə öz şəxsi hesabımıza Kahramanmaraşa yollandıq. İstəyirdik
ki, dağıntılar altında qalmış şəxsləri çıxaraq, evsiz insanlara yardım
göstərək. Burada əlimizdən gələn köməkliyi edirik. Çadırların qurulmasında
yardım göstəririk. Çalışırıq ki, insanlara mənəvi-psixoloji dəstək olaq”.

“Düzdür, axtarış-xilasetmə əməliyyatlarına tam qoşula bilmədik. Hazırda
Kahramanmaraşda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
axtarış-xilasetmə işlərini davam etdirirlər. Buna görə də hələlik bizə ehtiyac
yoxdur. Biz isə insanlara digər yardımlar göstərməyə çalışırıq. Sona qədər də
Türkiyədəyik və qardaşlarımıza yardımlarımızı əsirgəməyəcəyik. Vətən
müharibəsində Türkiyə bizə necə mənəvi dəstək oldu, biz də bu çətin günlərdə
onların yanında olacağıq. Bura könüllü gəlib yardım göstərməyi özümüzə borc
bildik”, – deyə V.Paşazadə vurğulayıb.

R.Kərimovun sözlərinə görə, Kahramanmaraşda insanlara bir müddət yardım
etdikdən sonra Adıyaman şəhərinə yollanıblar. Orada da zəlzələdən zərərçəkmiş
şəxslərə köməklik ediblər.

R.Kərimov qeyd edib ki, evsiz insanlara çadır qurmaqla yanaşı humanitar
yardımlar paylayıblar, TIR-lar vasitəsilə gətirilən yardımların boşaldılmasında
iştirak ediblər:

“Burada gücümüz nəyə çatırsa, əlimizdən nə gəlirsə, köməklik göstəririk. Hələ
Kahramanmaraşdayıq və burada işlər yekunlaşana qədər də qalmaq fikrindəyik.
Sona qədər qardaş Türkiyənin yanında olacağıq”.

Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə
gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik heyəti
zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam
etdirir.

Azərbaycanın xilasediciləri indiyədək Kahramanmaraş və Hatay bölgələrində
həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar
altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti
üzrə təhvil veriblər.

Xatırladaq ki, Türkiyədə baş vermiş zəlzələdən sonra zərərçəkən insanlara
kömək məqsədilə qardaş ölkəyə gedən 100 nəfərdən ibarət Azərbaycan könüllüləri
Kahramanmaraş şəhərində yerli sakinlərə xidmət göstərirlər.

Source link