e81e5baa-f5b0-47cc-9858-0d57447af11d..jpg

Azərbaycan qılıncoynadanı Qran-pridə hakim idarəçiliyindən narazı qalıb

Baxış sayı: 797 dəfə baxılıb.

Azərbaycan qılıncoynadanı Qran-pridə hakim idarəçiliyindən narazı qalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin üzvü Anna Başta
Tunisdə keçirilən Qran-pridə hakim idarəçiliyindən narazı qalıb.

Bu barədə “Report”a 27 yaşlı idmançı açıqlama verib.

O, macar Luca Szucsa (14:15) 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə
uduzması barədə danışıb:

“Komanda yoldaşlarım, məşqçim mənə çox dəstək olurdular. Son zərbəni vurdum.
Artıq hamı qələbəyə sevinirdi, hər şey əla idi. Sonra isə hakim qaydalara
əsasən, hesab 14:14 olduğuna görə videotəkrara baxmalıdır. O, rəqibin lehinə
qərar verdi. Macarlar birdən sevinməyə başladılar. Baxmayaraq ki, bundan əvvəl
çox əsəbi idilər. Bu yarışı izləyənlər, digər yığmaların nümayəndələri – hər
kəs xalın mənə verilməli olduğunu bildirdi. Bütün komanda yoldaşlarım da mənə
görə üzgün idilər”.

A.Başta qərara məşqçisinin də təəccübləndiyini söyləyib:

“Çünki bundan əvvəl yüksək kateqoriyaya malik referinin yaxşı olduğunu
düşünmüşdülər. Amma məlum oldu ki, belə deyil. Olimpiadaya təsnifat xarakterli
üç Qran-primiz var idi. Artıq hamısı bitib. Onlar şəxsi yarış üçün vacibdir.
Seulda ilk dördlüyə düşmək alınmadı. Digər turnirdə Fransadan olan Sesiliya
Berderin taktikasına görə uduzdum. Orada heç bir sual yox idi. İndi isə daha
yaxşı formadayam”.

2022-ci ildə Avropa çempionu olan təcrübəli qılıncoynadan Tunisdə
üzləşdiklərinin onlara böyük zərbə olduğunu sözlərinə əlavə edib:

“Artıq bunu unutmalıyıq. Bir neçə gün fasiləmiz olacaq və ardınca toplanışa
gedəcəyik. Videoları izləyəcəyik və görüşlərimizi təhlil edəcəyik”.

İdmançı Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq ehtimalına da
toxunub:

“Qarşıda bizi çox çətin döyüşlər gözləyir. Növbəti turnirdə ən azı səkkizliyə
düşməliyik. Şanslarımız var. Hamı olimpiadaya getmək istəyir və bunun üçün
həvəslidir. Qatılacağım son üç yarış da lisenziya xarakterlidir. Nəticənin necə
olacağını görəcəyik. Komanda şəklində də vəsiqə qazanmaq şansımız var”.

Source link