“Formula-1” Azərbaycan Qran-Prisinin təşkilatçıları birinci sərbəst yürüş zamanı baş verən insidentlə əlaqədar “Williams” komandasından üzr istəyib.
“RİA Novosti” xəbər verir ki, bununla bağlı jurnalistlərə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov məlumat verib.
“Belə qəribə vəziyyət yarandı. Bütün trasda 300-dən çox lyuk var. Problem vizual olmayıb. Xoşbəxtlikdən pilot xəsarət almayıb. Biz “Williams” komandasından üzr istəyirik”, – A.Rəhimov deyib.
“Son illər bu cür analoji hadisələr Monako və Malaziyada da baş verib. Bu, yarışların şəhərdə keçirilməsini təhlükə altına qoymur”, – icraçı direktor əlavə edib.
Xatırladaq ki, birinci sərbəst yürüşü zamanı“Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib və C.Rassel ikinci sərbəst yürüşü buraxmalı olub.