8a08f15b-f1ff-4d35-9e33-1c8a9f9e41c6.jpg

Azərbaycan Rusiya münasibətləri qarşılıqlı hörmətə və praqmatizmə əsaslanır – “Kaspi”nin TƏHLİLİ

Baxış sayı: 207 dəfə baxılıb.

Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə, maraqların
uzlaşdırılması və praqmatizmə əsaslanır. Həyata keçirilən birgə layihələrin
başlıca məqsədi bərabərhüquqlu əməkdaşlıq müstəvisini genişləndirməkdir.

Prezident İlham Əliyev oktyabrın 7-də Rusiyaya növbəti işgüzar səfər edib.
Dövlət başçısı səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli
görüş keçirib, dövlətlərarası münasibətlərin mövcud durumu və gələcək
qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin ölkə başçısı
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına
da qatılıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qarşılıqlı təmaslar intensiv mahiyyət daşıyır

Qeyd edək ki, Rusiya və Azərbaycan arasında ən ali səviyyədə qarşılıqlı
təmaslar intensiv mahiyyət daşıyır. Bu fakt özünü ikitərəfli əlaqələrdə qabarıq
şəkildə büruzə verir. Dövlət başçılarının görüşü zamanı Vladimir Putinin
dövlətlərarası münasibətlərin mövcud durumu barədə səsləndirdiyi fikirlər
Azərbaycan-Rusiya əlaqələrinin dərinliyinə və hazırkı vəziyyətinə aydınlıq
gətirir. “Münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər
zamanı bildirmişdik: əmtəə dövriyyəsi dörd dəfədən çox – 4,3 milyard dollardır.
Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard
dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də
çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır,
həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”, – Putin deyib.

Prezident İlham Əliyev isə bildirib ki, Putinin dövlət səfərindən sonra
ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır: “Avqust
ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq
müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında
çoxlu təmaslar olub”.

Bölgəmizdə sabitliyin başlıca şərti

Göründüyü kimi, Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə,
maraqların uzlaşdırılması və praqmatizmə əsaslanır. Həyata keçirilən birgə
layihələrin başlıca məqsədi bərabərhüquqlu əməkdaşlıq müstəvisini
genişləndirməkdir. Ən başlıcası isə, bu layihələr hər iki ölkənin milli
maraqlarına xidmət edir. Hansı ki, bu maraqlar toqquşmur, əksinə, həm siyasi,
həm də iqtisadi baxımdan bir çox məsələlərdə üst-üstə düşür.

Mövcud gərgin beynəlxalq münasibətlər fonunda Bakının Moskva ilə bu cür
əlaqələrə sahib olması əslində Cənubi Qafqazda sabitliyin təmin edilməsinin
başlıca şərtidir. Digər postsovet ölkələrindən fərqli olaraq Rusiya-Azərbaycan
münasibətləri dövlətimizin digər güc mərkəzləri ilə münasibətlərinin inkişafına
maneə deyil. Əksinə, bir çox dövlətlər üçün nümunə sayıla biləcək əlaqələrdir.
Bakının müxtəlif mərkəzlərlə eyni səviyyədə əlaqələrə sahib olması Azərbaycanı
həm də hazırda münaqişə, hətta müharibə vəziyyətində olan ayrı-ayrı qütblərin
bir araya gələrək dialoq qurmaq təşəbbüslərini reallaşdıra biləcəkləri bir
məkana çevirib. Hansı ki, biz dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycan-Rusiya
münasibətlərinin özəlliyi həm də ondadır ki, bu əməkdaşlıq heç bir dövlətə
qarşı istiqamətlənməyib.

Praqmatik siyasətin nəticəsi

Digər tərəfdən, Azərbaycan rəhbərliyinin Rusiyaya münasibətdə yürütdüyü
praqmatik siyasət ölkəmizin illərlə üzləşdiyi bir çox çətin problemlərin
birdəfəlik həllində də mühüm rol oynadı. Biz bunu 44 günlük müharibə
nəticəsində ərazi bütövlüyümüzün tam bərpası zamanı, daha sonra isə bir günlük
antiterror tədbirlərində gördük. Moskva rəsmən ali səviyyədə Qarabağın
Azərbaycan ərazisi olduğunu bəyan etdi və rəsmi Bakı 2020-ci ildə bu prosesdə
Rusiyanın maksimum dərəcədə kənarda dayanmasına nail oldu. 2023-cü ildə isə
Azərbaycan ərazisində separatizmin kökləri tamamilə məhv edildi, milli
maraqlarımızı, suverenliyimizi təhdid edən terror yuvası olan qondarma rejimin
varlığına birdəfəlik son qoyuldu. Uzun illərdən sonra Xankəndidə Azərbaycan
bayrağı dalğalandırıldı. Bunun məntiqi sonluğu olaraq suveren ərazilərimizdəki
rus sülhməramlı kontingenti problemsiz və heç bir çətinlik yaşatmadan
Azərbaycanı tərk etdi. Bu faktın özü də nümunə sayıla biləcək addım idi.

Heç bir əngəl qalmayıb

İki ölkə arasında 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə
bəyannamə, bu ilin avqustunda isə Rusiya Prezidentinin Azərbaycana ilk dəfə
olaraq dövlət səfərini reallaşdırması qarşılıqlı münasibətlərin inkişafında heç
bir ciddi əngəl və maneənin qalmadığının göstəricisidir. Azərbaycan həm
dövlətlərarası səviyyədə, həm də Rusiyanın ayrı-ayrı regionları ilə qarşılıqlı
münasibətləri inkişaf etdirməkdə, iqtisadi əməkdaşlığı dərinləşdirməkdə, birgə
layihələri həyata keçirtməkdə maraqlıdır.

Qarşıda BRICS sammiti var

İndi isə qarşıda BRICS sammiti var. Hansı ki, oktyabrın 23-24-də Kazanda
keçiriləcək. Artıq Azərbaycan rəsmən bu təşkilata üzvlüklə bağlı müraciət edib.
Dövlət başçılarının bir neçə gün əvvəl keçirilən son görüşündə də Vladimir
Putin azərbaycanlı həmkarını bu sammitə dəvət etdi. “Sizi oktyabrın 23-24-də
Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki,
orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün
liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə
çalışan çox sayda ölkəni dəvət edirik. İyirmi beş həmkarımız öz iştirakını
təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu
nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv
dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də
maraqlı olacaq. Sizi Kazanda gözləyirik”, – Putin deyib.

Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan öz iştirakını təsdiq etmiş
həmin 25 ölkə arasındadır.

Beləliklə, Azərbaycan-Rusiya münasibətlərinin geniş gündəliyi növbəti dəfə ən
ali səviyyədə oktyabrın son ongünlüyündə ələ alınacaq.

Source link