Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim
edib – FOTO
Azərbaycanın Türkmənistana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri
Qismət Gözəlov etimadnaməsinin surətini Türkmənistan Nazirlər Kabinetinin sədr
müavini – xarici işlər naziri Rəşid Meredova təqdim edib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən verilən məlumata görə, görüş
zamanı R.Meredov yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək
fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji münasibətlərdən
danışaraq bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi
perspektivlərini vurğulayıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə
uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün
səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın
ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların
atılacağını qeyd edib.
Tərəflər görüş zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi,
nəqliyyat, energetika və digər sahələrdə əlaqələrin daha da inkişaf
etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.