90191d46-51b0-41cf-91e3-64308e17727d..jpg

Azərbaycan sərhədçiləri iranlı narkotacirlərə atəş açdılar: Xəsarət alan var – FOTO

Baxış sayı: 1. 056 dəfə baxılıb.

Azərbaycan sərhədçiləri iranlı narkotacirlərə atəş açdılar: Xəsarət alan var –
FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində
ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə
İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar ayının 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci
Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2
nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət
sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadı
tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin
açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq olmasından
istifadə edərək geri, İran ərazisinə qaçıblar.

Xidməti ərazidə pilotsuz kəşfiyyat uçuş aparatı vasitəsi ilə keçirilmiş sərhəd
axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada 21 kiloqram 600
qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Həmin gün saat 20:20-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı
tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası
ərazisinə keçmiş sərhəd pozucuları sərhəd naryadı tərəfindən verilən “Dayan”
komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib.
Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucularını yaxalamaq
məqsədilə silah tətbiq edib və bir sərhəd pozucusunu ayağından yaralayıb.
Saxlanılan şəxsin üzərindən 1 ədəd xəncər aşkar edilib. Yaralanmış şəxsə
sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli Rayon
Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri
nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı
bir ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə olan marixuana və bir
ədəd bıçaq aşkar olunaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin İranın Parsabad şəhər sakinləri 1989-cu
il təvəllüdlü Şeyxniya Əli Cəmşid oğlu və Əlipur Poya Qəşəm oğlu olduqları
müəyyən edilib.

Yanvar ayının 6-da saat 00:15-də Beyləqan rayonunun İmamverdili kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş
tədbirlər nəticəsində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Həsənova Solmaz
Saləddin qızı saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın
içərisində ümumi çəkisi 15 kiloqram 100 qram narkotik vasitə (14 kq 500 qram
marixuana, 600 qram tiryək, 1300 ml maye halında “metadon M-40”, 1560 ədəd
psixotrop tərkibli həblər və 10 ədəd “sinarolac” göz damcısı)aşkar olunaraq
götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Source link