Vaxt var idi Qarabağ barədə ancaq arzuları eşidirdik, milli hisslərdə vətən nisgili, bədbin gümanlar üstünlük təşkil edirdi.
Azərbaycanın həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı qələbə ilə nəticələndiyindən sonra bu nisgil sevinc hissləri ilə əvəzləndi.
İndi o torpaqlar öz sahibinin əllərindədir. Ermənistanın işğalı müddətində həsrətlə gözlədiyimiz Qarabağda ancaq hansısa beynəlxalq təşkilatın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan hərbçiləri arasında görüş keçirilirdi.
Bu gün isə Azərbayan daha uzaq hədəflər barədə bəyanatlar verir, tarixi Azərbaycan torpaqları olan Zəngəzurun qayıdışı barədə müzakirələr gedir.
Vətən müharibəsindən sonra milli mübarizə artıq Qarabağın sərhədlərini də aşır, bu isə iflic olan Ermənistanın salamat qalan digər hüceyrələrini də məhvə aparır.
Bu zaman refleks işə düşür, həmişə isterikada olan erməni cəmiyyətində instinktiv qorxuların miqyası daha da genişlənir. Xüsusilə Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri zamanı verdiyi bəyanatlar, Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını xatırlatması, xəbərdarlıqlar Ermənistanın qorxularını daha da tündləşdirir.
Ermənistan isə vəziyyətdən çıxış yolu kimi ancaq və ancaq erməni təbiətinə xas olan refleksləri işə salır – təxribat yaratmaq, Azərbaycanı provaskiyaya çəkmək, bununla da yenidən özlərinin əzilən xalq olduğunu nümayiş etdirmək, yardım dilənmək. Lakin aqressiyadan doğan belə təşəbbüslər mənasız və nəticə verməyən hərəkətlərdir.
Azərbaycan sərhədçilərinin qəhrəman obrazda təmkini
Hazırda Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi istiqamətində işlərin aparılması çərçivəsində Ermənistan ərazisində qalan tarixi torpaqlarımızın geri qaytarılması prosesi həyata keçirilir.
Ermənistan tərəfi demarkasiya prosesinin getdiyini inkar etsə də, reallıq bunun əksini deyir.
Bu fonda Ermənistan hərbçiləri də aqressiya, isterika, məğlubiyyət sindromundan irəli gələn həmin provakativ təşəbbüsləri həyata keçirmək niyyətlərini önə çıxarırlar.
Mayın 2-də sosial şəbəkələrdə erməni hərbçilərin Azərbaycanla sərhədin Zəngilan istiqamətində təxribat törətmək cəhdlərinin əks olunduğu videokadrlar yayıldı.
Kadrlarda Azərbaycan və Ermənistan zabitləri bir neçə metrə görə mübahisə edirlər.
Kadrlardan görünür ki, erməni zabit sərhədi keçməyə cəhd göstərir, onu müşayiət edən erməni əsgərlərin üzündə isə qorxu əlamətlərini sezmək mümkündür.
Onların qarşısında tikanlı məftillər əvəzinə hələlik məğrur Azərbaycan əsgəri dayanıb, duruşu, davranışı, danışığı ilə qalibiyyət rəmzi kimi ermənilərə od qoyur.
Erməni isə hər vəchlə sərhədi keçməyə çalışır, lakin Azərbaycan sərhədçisi ona aman vermir. Eyni zamanda böyük səbr və təmkin, peşəkarlıq nümayiş etdirir, əsgərlərə də səbrli olmağı tapşırır.
İlk baxışda sual oluna bilər – sərhəd pozucusuna qarşı niyə atəş açılmır? Belə məqamda Ermənistanın da istədiyi elə Azərbaycan hərbçisinin provakasiyaya cəlb olunmasıdır, atəş açmasıdır.
Azərbaycan sərhədçiləri isə əzmkar və inadlı baxışlarını ermənilərin gözlərinə zilləyirlər, paralel olaraq atəş açmağı sonuncu variant kimi nəzərdən keçirirlər.
Nəhayətdə axmaq hərəkətlər edən erməni hərbçiləri sərhədi keçmirlər. Azərbaycan sərhədçiləri bununla atəş açmadan istədiyinə nail olur, ancaq bu “atəş” Ermənistan üçün daha sarsıdıcıdır.
Çünki Azərbaycan hərbçilərinin təmkini böyük strateji səbrin təcəssümü və qətiyyətli mövqenin bəyanıdır.
Hələlik Azərbaycan tərəfindən məsələyə dair rəsmi açıqlama verilməyib. Ermənistan Müdafiə Nazirliyi isə hadisənin təxminən iki həftə öncə baş verdiyini bildirib.
Bu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) erməni təxribatı barədə məlumatın yayımladığı tarixə təsadüf edir.
DSX-nın aprelin 21-də yaydığı məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.
Həmin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.
Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş ediblər, erməni təxribatçılar isə ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, İlham Əliyev aprelin 26-da Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında çıxış edərkən Ermənistanın Zəngilan istiqamətində təxribat törətdiyini xatırladıb və İrəvana sonuncu xəbərdarlığını edib.
“Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”, – deyə Prezident bildirib.
Kadrlardan çıxarılan nəticələr:
1. Azərbaycan bir metr ərazini belə güzəştə getməyəcək. Ermənistan istəsə də, istəməsə də Azərbaycan sərhədlər üzərində tamhüquqlu nəzarətini bərpa edəcək.
2. Azərbaycan sərhədləri əmin əllərdədir və sərhədçilər provakasiya ilə real hücumların sərhədlərini ayırd edə bilir ki, bu da peşəkarlıqdır.
3. Ermənistan əvvəl-axır yeni geosiyasi reallıqla barışmalıdır, əks təqdirdə yenidən “Dəmir yumruq” yenidən başına endiriləcək.