fe4d34e2-a9e4-4535-9716-1b1ae916c2cc..jpg

Azərbaycan şahmatının İddiaçılar Turnirində növbəti sınağı: Nicat Abasovu Kanadada nə gözləyir? – ŞƏRH + FOTO

Baxış sayı: 882 dəfə baxılıb.

Azərbaycan şahmatının İddiaçılar Turnirində növbəti sınağı: Nicat Abasovu
Kanadada nə gözləyir? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il yanvarın 13-ü Azərbaycan idmanı, xüsusilə də şahmatı üçün
sevindirici xəbərlə yadda qaldı. Belə ki, milli komandamızın üzvü Nicat
Abasovun İddiaçılar Turnirində iştirak edəcəyi təsdiqini tapdı. FİDE-nin
açıqladığı 8 nəfərdən ibarət siyahıda onun adının da yer alması şahmat
həvəskarlarının ürəyincə oldu.

Əslində isə bu cür sonluq hələ ötən ilin avqustundan gözlənilirdi. Bakıda
təşkil edilən Dünya Kubokundan sonra. Sadəcə, məsələnin rəsmiləşməsi qalırdı.
Karyerasında ilk dəfə Dünya Kubokunu qazanan Maqnus Karlsenin İddiaçılar
Turnirində iştirakdan imtina etməsi bu yarışda 4-cü olan Nicatın “yolunda yaşıl
işıq yandırdı”. Maraq üçün qeyd edək ki, 28 yaşlı şahmatçının Dünya Kubokunun
finalına yolunu məhz Karlsen kəsmişdi. Bir sözlə, norveçli qrosmeyster Nicatın
üzünə bağladığı qapını bu dəfə öz əli ilə açdı.

Bu xəbər hər nə qədər sevindirici olsa da, təəssüf ki, şahmatçımızın
İddiaçılar Turniri perspektivi heç də yüksək qiymətləndirilmir. Bir sadə
məntiqlə ki, həmyerlimiz reytinqə görə turnirin autsayderidir. Abasov hazırda
dünya sıralamasında ilk “100-lük”dən kənardadır. Onun rəqibləri isə aşkar
şəkildə öndədirlər. ABŞ təmsilçilərindən Fabiano Karuana 2-ci, Hikaru Nakamura
3-cü, rusiyalı Yan Nepomnyaşi 5-ci, fransalı Əlireza Firuzca 6-cı, Hindistan
şahmatçıları Praqanandhaa 13-cü, Santoş Vidit 14-cü, Qukeş isə 25-cidir.
Mütəxəssislər şansları dəyərləndirərkən şahmatda sürpriz nəticələrin nadir
hallarda qeydə alındığını da önə çəkirlər.

Amma tam bədbinliyə qapılmağın da yeri yoxdur. Çünki məsələnin ikinci, müsbət
tərəfi də var. İddialı rəqiblərindən fərqli olaraq Nicat heç bir təzyiq hiss
etmədən, rahat oynayacaq. Çünki ondan bu yarışda çempionluq, yəni boyundan
yuxarı tullanması gözlənilmir. Hətta böyük əksəriyyətin fikrincə, İddiaçılar
Turnirinə düşməsi belə, böyük uğurdur və karyerasında yeni mərhələnin
başlanğıcı ola bilər. Az bir qism isə Abasovun Dünya Kubokundakı uğurlu
çıxışını göz önünə sərir. Onun heç kimin gözləmədiyi halda güclü rəqiblərini
sıradan çıxararaq yarımfinala yüksəlməsini, bu mərhələdə isə Karlsenə
yenilməsini yada salır. Şahmatsevərlər Nicatdan, belə desək, növbəti
qəhrəmanlıq gözləyirlər.

Hadisələrin hansı trayektoriya üzrə inkişaf edəcəyini görmək üçün çox da
gözləmək lazım gəlməyəcək. Belə ki, İddiaçılar Turnirinin iştirakçıları qalibin
adına aprelin 3-25-i aralığında Kanadanın Toronto şəhərində aydınlıq
gətirəcəklər. Finiş xəttini birinci keçən şəxs Şahmat Tacı uğrunda görüşdə
hazırkı dünya çempionu Din Lirenlə (Çin) qarşılaşacaq. Rəqibləri kimi, Nicat da
bu çətin sınağa səylə hazırlaşır. Azərbaycan Şahmat Federasiyası da bu işdə ona
hərtərəfli dəstək göstərir.

Təbii ki, Nicat idman dünyasının diqqət mərkəzində olacaq Torontoya yalnız
iştirak naminə yollanmayacaq. Onun açıqlamaları da buna işarədir. Sitat:
“Aydındır ki, reytinqdə rəqiblərdən geri qalıram. Amma ümidvaram ki, bunun
əksini sübut edəcəyəm. Bu, mənim üçün ömürlük şansdır. Başqa belə imkanın
olub-olmayacağından əmin deyiləm. Hər şeyi düzgün etmək istəyirəm. Nə qədər çox
xal qazansam, tarixdə qalacaq. Bu yarış məni hədəflərimə yenidən baxmağa vadar
etdi. İndi böyük uğurlar qazanacağıma ümid edirəm. Ən çətin rəqib özüməm.
Gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm, hər partiyada bərabər
mübarizə ola bilər. Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə, yaşa
görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Olduqca iddialı
şahmatçılar var. Gərgin mübarizə olacaq. Ötən İddiaçılar Turnirində Teymur
Rəcəbovun komandasında yer almışdım. Onun “sekundant”ı olduğum üçün bilavasitə
yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə
qazanmışam”.

Qeyd edək ki, bu, Azərbaycan şahmatının İddiaçılar Turnirində sayca 5-ci
sınağı olacaq. Debüt 2013-cü ildə İngiltərənin paytaxtı Londonda gerçəkləşib.
Teymur Rəcəbov 8 iştirakçı arasında 4 xalla sonuncu olub. Növbəti iki analoji
yarışda isə Şəhriyar Məmmədyarov zirvəni fəth etməyə çalışıb. Milli üzvü
2014-cü ildə Rusiyanın Xantı-Mansiysk şəhərində 7 xalla 4-cü yeri tutub.
2018-ci ildə isə tarixi uğurun bir addımlığında dayanıb. Belə ki, Şəhriyar
Almaniyanın paytaxtı Berlində 8 iştirakçı arasında 8 xalla 2-ci pillədə
qərarlaşıb. Şahmat Tacı uğrunda görüşə isə həmyerlimizi cəmi 1 xal qabaqlayan
Fabiano Karuana (ABŞ) vəsiqə qazanıb.

Teymur Rəcəbov 2020-ci ildə Yekaterinburqda keçirilən İddiaçılar Turnirinə
Dünya Kubokunun qalibi statusunda qatılmalı idi. Amma məlum pandemiyaya görə
Rusiyaya getməkdən imtina etdi və bununla bağlı FİDE-ni məlumatlandırdı. Amma
ali şahmat qurumu geri addım atmadı və çətin şərtlər altında olsa da, yarışı
təşkil etdi. Teymurun əvəzinə isə Maksim Vaşye-Laqrav (Fransa) dəvət olundu.
Maraqlıdır ki, fransalı sonda yarışı 2-ci pillədə başa vurdu. İddiaçılar
Turnirində sonuncu cəhdimiz isə 2022-ci ilə təsadüf edib. İspaniya paytaxtı
Madridin ev sahibliyi etdiyi yarışda da Teymur Rəcəbov mübarizə aparıb. Milli
komandanın üzvü 8 iştirakçı arasında 7,5 xalla 3-cü yeri tutub.

Göründüyü kimi, Azərbaycan şahmatçıları əvvəlki 4 cəhdin heç birində tarixi
uğuru gerçəkləşdirə bilməyiblər. Üstəlik, nəzərə alaq ki, həm Teymur Rəcəbov,
həm də Şəhriyar Məmmədyarov kifayət qədər zəngin karyeraya malik
top-qrosmeyster sayılırlar. Nicat Abasov isə şahmat elitasını ilk dəfə yalnız
Bakıda təşkil olunan Dünya Kubokunda təəccübləndirib. Ümid edək ki, Kanadada da
onun çıxışı çoxlarını mat qoyacaq.

“Report” İnformasiya Agentliyi

Source link