“Azərbaycan ssenarisi”nin arxasındakı fırtına – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayənsədi
Jozep Borrelin Azərbaycan əleyhinə əzələlərini şişirtmək cəhdinin bir neçə
səbəbi var.
Öncəliklə, Borrel üçün tarixi faktların və Azərbaycan ərazilərindəki
demoqrafik vəziyyətə dair gerçək rəqəmlərin əhəmiyyəti yoxdur.
Buna görədir ki, o, Qarabağdan köçən ermənilərin sayını şişirdir və köç
prosesini az qala “etnik təmizləmə” kimi şərh edir.
Borrel yeni bir ifadə işlətməsə də, onun hansı hadisə və ya bəyanatlardan
sonra səsini qaldırması diqqətə alınmalıdır.
Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına
verdiyi müsahibədə Ermənistanın Zəngəzur dəhlizinin diplomatik-siyasi yolla
açılmasına razılıq verməyəcəyi təqdirdə Bakının ata biləcəyi məcburi
addımlardan bəhs etmişdi.
Bu bəyanat Ermənistanda və Qərbdə ciddi narahatlıq yaradıb və Borrel narahat
olan qüvvələrin ümumiləşmiş obrazı qismində çıxış edir.
Buna görədir ki, o, Qərbdə hakim olan “Ermənistana qarşı ərazi iddiaları”
təbliğat materiallarını qabardıb və Əliyevin dediklərinin narahatlıq
doğurduğunu bildirib.
İkincisi, Borrel hər vəchlə Avropa İttifaqındakı Azərbaycan-Ermənistan
normallaşma prosesinə neytral moderatorluq qismində yanaşan dairələrin
səylərini puça çıxarmaq gündəliyi ilə hərəkət edir. Onun bu təlimatı aldığı
ünvan Fransa laboratoriyasında hazırlanan gündəliklə eynilik təşkil edir.
Bu iki məqam Avropa İttifaqındakı qüvvələrin Azərbaycan-Ermənistan sülh
proqramının həcmini Bakının əleyhinə sıxaraq iynə dəliyindən keçirmək
cəhdlərini bildirir.
Bu, Azərbaycanın müəyyən ssenari üzrə Avropa təsisatlarında sıxışdırılması ilə
paralel proses kimi gündəmin ağırlıq mərkəzinə gətirilir. Belə ki, Azərbaycanın
AŞPA-dakı faəliyyətinin məhdudlaşdırılmasına dair təşəbbüslər Bakıya qarşı
total diplomatik-siyasi hücumun çərçivələrində yer tutur.
Belə hərəkətlər Avropa İttifaqındakı bəzi dairələrin Azərbaycan-Ermənistan
münasibətlərinin ədalətli yoluna qoyulmasında maraqlı olmadığını göstərən
indikatordur. Ancaq nəticə yenə də ümumilikdə Avropa İttifaqının ayağına
yazılır.
“Azərbaycan ssenarisinin” arxasındakı fırtına Fransa tərəfindən törədilir və
zamanla Bakının İrəvanla razılaşma kanallarında Parismərkəzli platforma
yaratmaq cəhdlərinə işarə edir.
Avropa İttifaqı radikal və sülh prosesinə zərbə vuran dağıdıcılıq fəaliyyətini
davam etdirsə, Bakının adekvat təşəbbüsü ilə qarşılaşa bilər.
Belə ki, Azərbaycan Ermənistanla münasibətlərin nizamlanmasında Avropa
İttifaqının qeyri-adekvatlığını nəzərə alıb onun sülh proqramında səlahiyyət
qazanmaması üçün təsirlərini gücləndirən alətləri işə salacaq.
Aqşin Kərimov