f94d376b-9962-443f-92a1-5bff03b6fb9e..jpg

“Azərbaycan suveren ərazilərində qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində deyil” – ŞƏRH + FOTO

Baxış sayı: 550 dəfə baxılıb.

“Azərbaycan suveren ərazilərində qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində
deyil” – ŞƏRH + FOTO

“Son 30 ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinə nəzər saldıqda
missiyalarını tam və ədalətli şəkildə həyata keçirmədikləri bəlli olur. Belə ki
qurumun Azərbaycan ərazisində heç də həmişə humanitar missiya ilə məşğul
olmadığını təsdiqləyən bir sıra faktlar var”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov
deyib.

O qeyd edib ki, bunlardan BQXK-nın hələ də qanunsuz olaraq, Xankəndidə
fəaliyyət göstərməsi və Xankəndi ofisinin Bakıya deyil, qurumun İrəvan
nümayəndəliyinə tabe olması, 90-cı illərdə Ermənistanda azərbaycanlı hərbi
əsirlərin edam edilməsi faktları üzə çıxdığı halda komitənin bu halları heç
vaxt lazımi qaydada rəsmiləşdirməməsi, 44 günlük Vətən müharibəsi zamanı
BQXK-ın bəzi əməkdaşlarının Azərbaycan Ordusunun dislokasiya yerləri barədə
məlumat toplayıb, Fransa vasitəsilə Ermənistan tərəfinə çatdırmaları, humanitar
yüklərin Tərtər və ya Bərdə vasitəsilə Qarabağda Rusiya sülhməramlı
kontingentinin müvəqqəti məsuliyyət zonasına çatdırılmasının sırf Ermənistan
ərazisindən gəlməli olduğunda təkid olmaları, ümumilikdə BQXK-ın Azərbaycanın
Qarabağ bölgəsində fəaliyyətinin qeyri-legitim şəkildə yürüdülməsi, nə
beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənməməsi konkret faktlardır:

“Belə ki, Xankəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış
əraziləri hesab olunduğuna baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağ
iqtisadi rayonunun erməni azlığının yaşadığı bu kiçik ərazisində fəaliyyət
göstərən təsisatı, sözügedən komitənin Azərbaycandakı nümayəndəliyinə deyil,
Cenevrədə yerləşən mərkəzi ofisinə tabedir. Halbuki digər ölkələrlə müqayisədə
BQXK-ın fəaliyyəti tamamilə fərqlidir. Müqayisə üçün deyə bilərik ki,
Beynəlxalq Qızıl Xaç Komitəsinin Moldovanın separatçı Dnestryanı bölgəsində
fəaliyyət göstərən ofisi Kişinyovda fəaliyyət göstərir. Nəyə görə Azərbaycanın
suveren ərazisində hansısa beynəlxalq təşkilatın başqa ölkədəki ofisi fəaliyyət
göstərməlidir? Qırmızı Xaç Komitəsinin Xankəndidəki nümayəndəliyi İrəvan deyil,
birbaşa Bakıdakı ofisə bağlanmalıdır.

Prezident İlham Əliyev xarici dövlətlərin rəhbərləri, beynəlxalq
təşkilatların, eləcə də dünyanın müxtəlif ölkələrindən olan media təmsilçiləri
ilə təmaslarında Beynəlxalq Qızıl Xaç Komitəsinin hüquqa zidd davranışları,
eləcə də komitənin itkin düşmüş azərbaycanlıların talelərinə biganə yanaşması
ilə bağlı davamlı olaraq, məsələ qaldırır, yaranmış vəziyyətin beynəlxalq
humanitar hüquqa zidd olduğunu vurğulayır”.

Anar Məmmədovun fikrincə, Vətən müharibəsindən sonra regionda vəziyyət
tamamilə dəyişib və yeni reallıqlar meydana gəlib:

“Buna görə də Qırmızı Xaç Komitəsi bu reallıqları nəzərə almalı və
fəaliyyətini İrəvandakı nümayəndəliyi ilə deyil, Bakıdakı ofisi ilə qurmalıdır.
Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, bütün nəqliyyat-kommunikasiya
sistemini nəzarətə götürüb, işğaldan azad edilmiş torpaqlarımızda qanunlarımız
və Konstitusiyamız işləyir. Dövlətimiz heç vaxt öz suveren ərazilərimizdə
qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində deyil. Heç bir ölkə öz ərazisində
belə qanunsuzluğun olmasına göz yuma və dözə bilməz. Odur ki, ölkəmiz öz
ərazisində bu fəaliyyətlərin qarşısının alınması, təkrarlanmaması üçün
vəziyyətə uyğun olaraq zəruri olan bütün lazımi addımlar atmalıdır. Buna görə
də Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərdiyi halda, Qızıl Xaç
Komitəsinin fəaliyyətinə heç bir ehtiyac yoxdur”.

Aysel Aslan

Source link