“2024-cü ilə kimi 349 ambulans alınıb. Birləşmə prosesinin getdiyi cari il
ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd
təcili yardım avtomobili ölkə başçısına təqdim olunub və ehtiyaca uyğun olaraq
Bakı və regionlar üzrə təhkim olunub. Xatırladım ki, sonuncu partiya ölkəyə
gətirilən həmin 100 təcili tibbi yardım avtomobilindən 66-sı sadə
diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı
və 10-u perinatal küvəzli idi”.
Cixisyolu.com xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov
deyib.
Direktor qeyd edib ki, ambulans parkı tamamilə yenilənənə kimi də yeni
nəqliyyat vasitələrinin alınması prosesi davam etdiriləcək:
“Bu il üçün də yeni ambulansların satınalması həyata keçirilib. Yeni alınan
ambulanslar ekoloji təmiz nəqliyyat vasitəsi olacaq. Bu da “Yaşıl dünya”
konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlərə uyğundur.
İnnovasiya və Təchizat Mərkəzi cari ilin 17 sentyabr 2024-cü il tarixində
“Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili
tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına
başlayıb. Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki
spesifikasiyasına görə sadə diferensiallı standart və reanimobil təcili tibbi
yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam
elektrikli avtomobillərdir.
Satın alınması nəzərdə tutulmuş tam elektrikli təcili tibbi yardım
avtomobillərinin texniki spesifikasiyasına gəlincə qeyd edim ki, avtomobillərin
daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir. Ambulanslar 2024-cü
il istehsalı olması, sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma
siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün
funksionallığın olması, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi
xüsusiyyətlərə malik olacaq”.
Məhərrəm Əliyev