Azərbaycan TAP vasitəsilə qaz tədarüklərini artırıb
Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya qaz idxalı
2023-cü ilin ilk üç rübü ərzində illik hesablamada 2 faiz və ya 0,2 milyard
kubmetr artıb.
“Trend” xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində Avropaya qaz
tədarükünün ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 13 faiz
(yaxud 54 milyard kubmetr) azalıb.
Rusiyadan boru qazı axınının, daxili hasilatın davamlı azalması və Norveçdə
texniki xidmətin daha yüksək səviyyəsi ilkin qaz tədarüklərinin əlçatanlığını
məhdudlaşdırıb.
Agentliyin məlumatlarına əsasən, maye təbii qaz (MTQ) 2023-cü ilin ilk üç ayı
ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 faiz artaraq, Avropanın
ümumi qaz istehlakının təqribən 40 faizini təşkil edib ki, bu da Ukraynada
müharibə başlamazdan əvvəl rus boru qazının payına bərabərdir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il
İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə
bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə
Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru
kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı
olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını
diversifikasiyalaşdırıb.