b24a96e9-de41-4dba-a64b-9152bec42d93..jpg

Azərbaycan turizm potensialından tam istifadə edirmi?

Baxış sayı: 742 dəfə baxılıb.

Azərbaycan turizm potensialından tam istifadə edirmi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan rəsmiləri ölkənin turizm sektorunun imkanları, bu sektorun
gətirdiyi gəlir, onun qeyri-neft iqtisadiyyatının inkişafındakı rolu barədə
ağızdolusu danışır.

Bəs ölkəmiz turizm potensialından tam istifadə edirmi?

Xeyli sayda tarixi abidələri, dənizi, çayları və gölləri, dağlıq əraziləri,
meşələri olan Azərbaycanda hansı turizm növləri inkişaf etdirilib? “Report”
mövzunu turizm mütəxəssisləri ilə müzakirə edib.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə
Heyətinin sədri Göydəniz Qəhrəmanov deyir ki, son illər Azərbaycanda ən çox
işgüzar turizm sahəsində canlanma müşahidə olunur: “Müxtəlif tədbirlərdə, o
cümlədən konfrans və sərgilərdə iştirak etmək üçün ölkəyə xaricdən axın xeyli
artıb. Bunu hər ay açıqlanan turizm statistikasından da görmək olar.
Ümumiyyətlə, işgüzar turizm çox maraqlı istiqamətdir”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Azərbaycana ilin bütün
fəsillərində turistlərin gəlməsinə çalışsa da, yay turizmi nisbətən daha yaxşı
inkişaf edib: “Yay aylarında Azərbaycana həm Qərb, həm də Şərq ölkələrindən
güclü axın olur. Bu da təbiidir. Çünki Bakı Qərblə Şərqin qovuşduğu yerdir və
burada həm Avropa, həm də Asiya ölkələrinin vətəndaşları özlərini çox yaxşı
hiss edirlər. Amma bizim hədəfimiz dörd fəsil turizmdir və yerli biznes də buna
çalışır”.

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı”nın sədri Ceyhun Aşurov da deyir ki,
Azərbaycanda işgüzar turizm inkişaf edib və ölkəyə tədbirdə iştirak etmək üçün
gələnlər həm də sağlamlıq turizminin potensialından istifadə edir, bu növ
turizmin inkişafına töhfə verirlər: “Xarici qonaqlar xüsusən Naftalana və
Duzdağa gedirlər. Ümumiyyətlə, müalicəvi neftin və duz mağaralarının, eləcə də,
palçıq və termal suların olması sağlamlıq turizminin inkişafı üçün önəmli
bazadır. Ölkəyə səfər edən turistlər əsas məqsədlərindən asılı olmayaraq, eyni
zamanda digər turizm məhsullarının da istehlakçılarıdır”.

O da razılaşır ki, Azərbaycana ilin bütün fəsillərində eyni sayda turist
gəlmir: “Turist axını əsasən yay aylarında olur. Onlar Xəzər dənizində çimməyə,
eləcə də, dənizə yaxın olmayan regionlara baş çəkib təbiət qoynunda dincəlməyə
üstünlük verirlər. Amma dağlıq ərazilərimiz qış turizminin inkişafı üçün də
münasib məkandır və bu potensialdan maksimum istifadə etmək lazımdır”.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 85 min nəfər və
yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs
gəlib.

Gələnlərin 30 %-i Rusiya, 18,1 %-i Türkiyə, 7,9 %-i İran, 5,6 %-i Hindistan, 5
%-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,6 %-i
Pakistan, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Özbəkistan, 1,5 %-i
Ukrayna, hər birindən 1,4 % olmaqla Küveyt və İsrail, 1,3 %-i Belarus, 1,2 %-i
Türkmənistan, 1,1 %-i Çin, 1 %-i Böyük Britaniya, 11,1 %-i digər ölkələrin
vətəndaşları olub.

Qonaqların 70,3 %-ni kişilər, 29,7 %-ni qadınlar təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 %-i hava, 27,3
%-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Source link