Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci
Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün
ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş
Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli
lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın
məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək
əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdirib.
Sonra Müdafiə Nazirliyində görüş keçirilib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən
məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın
yüksək səviyyədə olduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə görülən
işlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən ordu generalı İ.Özsert
göstərilən qonaqpərvərliyə və səmimi münasibətə, eləcə də hər iki qardaş
ölkənin hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik
Z.Həsənova minnətdarlığını bildirib.
Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın
bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Azərbaycan
və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri
üzərində qurulduğu qeyd edilib.
Görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında hərbi, hərbi-texniki,
hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin
regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə
olunub.
Sonra müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah
rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında strateji
tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Hər iki ölkənin hərbi
qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə
keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının əhəmiyyəti xüsusi
vurğulanıb.