7779be9f-bb11-49c4-8a61-7eef62a0e3ed..jpg

Azərbaycan-Türkiyə birgə taktiki təlimi davam edir: Beş ölkənin generalları ölkəmizdə

Baxış sayı: 701 dəfə baxılıb.

Azərbaycan-Türkiyə birgə taktiki təlimi davam edir: Beş ölkənin generalları
ölkəmizdə
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının
cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi davam edir.

Cixisyolu.com-ın məlumatına görə, bu gün “Yüksək səviyyəli müşahidəçi günü” keçirilir.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun
dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan
Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan
Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi
general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin
döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi
nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir
neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk-2023” birgə taktiki
təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.

Bu gün keçirilən təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən
azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando
bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən
PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın
aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin
təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə
şərti düşmənin HHM vasitələrinin fəaliyyətinə maneələr yaradılması
əməliyyatları icra ediləcək.

Eyni zamanda, bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə
olunmuş atəş üstünlüyü qorunub-saxlanılacaq, Azərbaycan və Türkiyə
hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların
hərəkəti təmin olunacaq.

Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin
açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti
düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin
ələ keçirilməsi fəaliyyətləri, “BAYRAKTAR TB-2” vasitəsilə şərti düşmənin
“İsgəndər” və “Toçka-U” taktiki raket komplekslərinin məhv edilməsi, bununla
bərabər, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr
üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın
endirilməsi fəaliyyətinin icra olunması nəzərdə tutulub.

Hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli
şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra
olunacaq.

Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

İlhamə Əbülfət

Source link