Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri – Baş direktor Aqil
Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi
Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə
keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye
Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.
Cixisyolu.com xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli
müdafiə naziri Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra
dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin
açılış mərasimində iştirak ediblər.
Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və
Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər
müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət
rəhbərləri ilə görüşlər keçiriblər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Türkiyə
Respublikasının milli müdafiə naziri Yaşar Güler və Prezident
Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan
Azərbaycan-Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinə dair ətraflı
fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi
təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və digər
məsələlər müzakirə edilib.