Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində panel sessiyaları keçirilib
– YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Azərbaycanda sağlamlıq
turizminin inkişaf perspektivləri” mövzusunda panel sessiyası keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Türkiyə səhiyyə nazirinin
müavini Şuayip Birincinin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan
Respublikasının səhiyyə naziri Teymur Musayev, səhiyyə nazirinin müavini İlqar
Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Zaur Əliyev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad
Əliyev, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının
prezidenti Ruslan Quliyev, Türk Hava Yollarının Baş direktor müavini Ahmet
Olmuştur, “Asfarma” şirkətinin direktoru Ender Kavuk müzakirələrdə iştirak
edib, sualları cavablandırıblar.
Bildirilib ki, sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf etməklə
önəmli turizm növünə çevrilib. Ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş
ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün resurslar
böyükdür.
Azərbaycan Respublikası Prezidentinin sağlamlıq turizminə verdiyi önəm
sayəsində son illər müasir standartlara uyğun yeni müalicə kompleksləri
yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Bu
istiqamətdə görülən tədbirlər respublikanın sağlamlıq turizmi sahəsində
perspektivlərin nümayiş etdirilməsi, həmçinin ölkəyə yeni keyfiyyətdə turist
axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların
cəlb edilməsinə hesablanıb.
Tədbirdə ölkəmizdə sağlamlıq turizminin inkişafı, turizm və səhiyyə sektoruna
investisiya imkanları, bu sahədə Türkiyə təcrübəsinin tətbiqi barədə
müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “İkitərəfli ticarət
dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu”
mövzusunda panel iclası təşkil edilib.
Panel iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyənin
ticarət nazirinin müavini Özgür Volkan Ağar, rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rəhman Hümbətov, “İkra Logistik”in baş direktoru Akın Konyar,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci
müavini Natiq Həsənov, Uluslararası Nakliyecilər Dərnəyinin sədr müavini Fatih
Şener tədbir çərçivəsində müzakirələrdə iştirak ediblər.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran
Həbibovun moderatorluğu ilə keçirilən tədbirdə ortaq dəyərlərə malik olan
ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji
müttəfiqliyimizin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq portfelinin gücləndirilməsi
istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, yeni əməkdaşlıq imkanlarının araşdırılması və reallaşdırılması
ölkələrimizin iqtisadiyyatının dayanıqlı inkişafına və qlobal iqtisadiyyata sıx
inteqrasiyaya mühüm töhfələr verə bilər. Panel sessiyada Azərbaycan və
Türkiyənin mühüm nəqliyyat qovşaqları üzərində yerləşməsinin, nəqliyyat
dəhlizlərinin imkanlarından istifadənin və potensial layihələrin geoiqtisadi
əhəmiyyəti vurğulanıb.
Tədbirdə dövlət başçılarımızın qarşıya qoyduqları hədəflərə çatmaq üçün
qarşılıqlı ticarətin daha da inkişafı istiqamətində qarşılıqlı tədarükün
artırılmasında liman infrastrukturunun potensial imkanları, nəzarət
məntəqələrinin modernləşdirilməsi, Orta Dəhlizin imkanlarından səmərəli
istifadə, Preferensial Ticarət Sazişi üzrə qarşılıqlı ticarətin vəziyyəti və
inkişaf perspektivləri, nəqliyyat sahəsi üzrə Azərbaycana investisiya
yatırılması imkanları, nəqliyyat və logistika dəhlizlərinin KOB-ların
inkişafında rolu mövzusunda müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Kənd təsərrüfatı və qida
sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” mövzusunda panel
sessiya təşkil edilib.
Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərovun moderatorluğu ilə
keçirilən sessiyada Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun
Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Qida
Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə
Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Əbubekr Gizligider,
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan, “Makrolizing“ MMC-nin
İdarə Heyətinin sədri Avni Demirci və Dost Agroparkın direktoru Mehmet Zeki
Tuğrul çıxış ediblər.
Bildirilib ki, müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin
yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə bütün
sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir
texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Belə ki, dövlət başçısı
cənab İlham Əliyevin təsdiq etdiyi “2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də “dayanıqlı və
rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi”dir.
Vurğulanıb ki, strategiyada müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində
kənd yerlərində aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların
tətbiqi ilə məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri
yaradılacaqdır.
Tədbirdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın prioritet istiqamətləri,
aqrar məhsulların tədarükünün təhlükəsizliyinin təmini, bu sahədə perspektivli
innovasiya layihələri barədə müzakirələr aparılıb, ölkəmizdə kənd təsərrüfatı
sahəsində verilən təşviqlər barədə məlumat verilib.
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Yaşıl enerji və smart
city” mövzusunda panel iclası təşkil edilib.
“Kolin İnşaat Azərbaycan”ın baş direktoru, Dünya Türk İş Şurasının
Azərbaycanda sədri, Barış Altıparmağın moderatorluğu ilə keçirilən tədbirdə
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycanın energetika
nazirinin müavini Samir Vəliyev, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti
Rövşən Nəcəf, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Nevzat
Şatıroğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar
İsbatov, “PMD Projects” MMC-nin sədri Nəriman Topçubaşov çıxış ediblər.
Bildirilib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələr
strateji tərəfdaşlıq prinsipi ilə daha da güclənir. Tədbirdə ölkələrimiz
arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydaları, meqa
layihələrin regional təhlükəsizliyə və rifaha töhvə verdiyi vurğulanıb. “Yaşıl”
enerjiyə keçid, ətraf mühit üçün zərərsiz istehsal və enerji səmərəliliyinin
təminatı üzrə birgə layihələrin həyata keçirilməsi üçün münbit şəraitin
yarandığı qeyd edilib.
Panel çərçivəsində ölkəmizin dekarbonizasiyaya yönəlmiş hədəfləri, regional
enerji təhlükəsizliyinin həyata keçirilməsi və rentabelli texnologiyalardan
istifadənin təşviqi barədə fikirlər səcləndirilib. Bərpa olunan enerji
mənbələrindən səmərəli istifadənin intensivləşdirilməsi istiqamətində həyata
keçirilən layihələr, işğaldan azad edilmiş ərazilərimizdə “smart city”
konseptinə uyğun mexanizmlərin tətbiqi və innovativ inkişaf trendləri barədə
məlumat verilib.
“Yaşıl enerji”yə keçidin əhəmiyyəti, şəhərlərin rəqəmsallaşdırılması,
xidmətlərin elektronlaşdırılması, Azərbaycanın tikinti sektoru ilə bağlı
investisiya imkanları, bərpa olunan enerji sahəsində investisiya imkanları
barədə müzakirələr aparılıb, ikitərəfli əməkdaşlıq imkanları və potensial
tərəfdaşlığın perspektivləri diqqətdə saxlanılıb.
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi-texniki
əməkdaşlıqda texnologiyanın rolu” mövzusunda panel iclas keçirilib.
İclasda müdafiə sənayesi naziri Vüqar Mustafayev, İnnovasiyalar və Rəqəmsal
İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, ANAMA İdarə Heyətinin sədr
müavini Samir Poladov, Sumqayıt Texnoilogiyalar Parkının Baş direktoru Hicran
Valehov, “Titra” A.Ş.-nin İdarə Heyətinin sədri Məhəmməd Selman Dönməz,
“Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol, “Azərsilah Müdafiə Sənayesi
Holdinqi” ASC-nin nümayəndəsi Orxan Yusibov müzakirələrdə iştirak ediblər.
Tədbir Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini Fuad Məmmədovun
moderatorluğu ilə keçirilib.
Tədbirdə ölkəmizin müdafiə sənayesinin daha da inkişaf etdirilməsi yönündə
həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, tədbir beynəlxalq müstəvidə hərbi-texniki əməkdaşlığın
inkişafında, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye
müəssisələrinin, xarici və yerli şirkətlərin arasında işgüzar əlaqələrin
qurulmasında əhəmiyyətli rol oynayır. Qeyd olunub ki, dünya ölkələrinin
təhlükəsizlik sistemlərinin üzləşdiyi təhdidlər hər bir dövlətin müdafiə
qabiliyyətinin gücləndirilməsini, hərbi-texniki sahədə əlaqələrin inkişafını,
milli müdafiə sənayesi potensialının artırılmasını zəruri edir. Son illərdə
özünün güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə
imza atan Azərbaycan artıq rəqabətqabiliyyətli, yüksək dəqiqliyə malik müasir
hərbi təyinatlı məhsullar istehsal edir, bu sahədə daxili və xarici sifarişləri
yerinə yetirir.
Paneldə müdafiə sənayesində texnologiya və bu sahədə investisiya imkanları,
silahlı qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığın azaldılması
mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
16:50
Bakıda keçirilən İnvestisiya Forumunda Azərbaycan və Türkiyə arasında
investisiya qoyuluşu imkanları müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Türkiyə
İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Respublikasında
investisiya qoyuluşu imkanları” mövzusunda paneldə birgə əməkdaşlıq imkanlarına
nəzər salınıb.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının
səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadi
Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev, Azərbaycan
İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, İqtisadiyyat
İnstitutunun Baş direktoru Nazim İmanov, Türkiyə Prezidentinin Maliyyə
İdarəsinin müdir müavini Necip Fazil Kaymak, “Kartaş” MMC-nin direktoru
Necmeddin Taşbağ çıxış ediblər. Panel iclas İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin moderatorluğu ilə
keçirilib.
Azərbaycan-Türkiyə İnvestisiya Forumunun Bakıda keçirilməsinin iki qardaş ölkə
arasındakı birliyi daha da möhkəmləndirdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif
sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
İnvestisiya forumu çərçivəsində müzakirə edilən məsələlər və aparılan
danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları
arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaq.
İqtisadi əməkdaşlığımızın bütün sahələrində müsbət dinamika müşahidə olunur.
Dövlət başçılarımız ticarət dövriyyəsinin 15 mlrd. ABŞ dollarına çatdırılmasını
hədəf olaraq qarşıya qoyub. Birgə layihələrin uğurla icrası, qarşılıqlı
sərmayələrin fəal təşviqi və ticarət dövriyyəsinin davamlı artımı bu məqsədə
çatmaq üçün əminlik yaradır.
Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin zəngin resursları və əlverişli
investisiya mühiti barədə məlumat verilib, qardaş Türk şirkətlərinin bu
ərazilərdə aktiv fəaliyyətinin qürurverici olduğu vurğulanıb.
Panel çərçivəsində investisiya mühitimizin təqdim etdiyi səmərəli şərtlər,
ölkəmizdə investisiya qoyuluşunun prioritet istiqamətləri, Ələt Azad İqtisadi
Zonasında və sənaye zonalarında sahibkarlar üçün yaradılmış imkanlar, xarici
investisiyalı müəssisələrin fəaliyyəti, investisiya platformasında dövlət
dəstəyi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən investisiya
layihələrində iştirak, prioritet sektorlarda biznes layihələrinin
maliyyələşdirilməsi barədə müzakirələr aparılıb.
14:39
“Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində ölkələrimizin investisiya
mühiti, yaşıl enerji keçidi və “smart city” konsepsiyası, kənd təsərrüfatı və
qida sənayesi sahələrində yeni çağırışlar, nəqliyyat və logistika imkanları,
texniki əməkdaşlıq və sağlamlıq turizminin potensialı barədə panellər
keçirilir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
O, sahibkarlar arasında keçirilmiş B2B görüşlərin və Forumda əldə edilən
nəticələrin ölkələrimizin biznes dairələri arasında işbirliyinin
şaxələndirilməsinə töhfə verəcəyinə inandığını bildirib.
🇹🇷🇦🇿 As part of the #Azerbaijan
#InvestmentForum
panels are underway addressing various key issues, including the#investment
environment,#greenenergy
transition, “smart city” concepts, challenges in#agriculture
food industry, opportunities in transport and…pic.twitter.com/PwRmROHGAa
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 21, 2023
12:57
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının
yaranmasının 100-cü ildönümü münasibətilə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya
Forumu keçirilir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə,
Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Respublikası Prezidentinin
Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
(AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin
(TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu
keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika,
sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm,
əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri
iştirak ediblər.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə
Prezidentinin Maliyyə İdarəsinin müdiri Göksel Aşan və Türkiyə Respublikasının
ticarət naziri Ömer Bolat forumda çıxış ediblər.
Vurğulanıb ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və
qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və
görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb.
Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər
üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığının
möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi də çoxvektorlu əməkdaşlıq
potensialımızın, strateji məsələlərdə fəaliyyətimizin əlaqələndirilməsi
baxımından xüsusi əhəmiyyətə malikdir.
Beynəlxalq və regional müstəvidə ölkələrimizin maraqlarını təmin edən
əməkdaşlıq həyata keçirilir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində
fəaliyyətlər önəmlidir.
Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi
və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması
haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirib. Bu günədək
iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları,
işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini
birgə layihələrin icrasını stimullaşdırıb.
Enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər
beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı,
regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Forumda
nəqliyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta
Dəhliz və onun şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan-Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın
inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət
tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz təxminən 7,2 milyard
ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə
33% artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət
başçıları tərəfindən qarşıya qoyulan hədəfə sürətlə çatacağımıza inam yaradır.
Azərbaycanın xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb.
Həmçinin, ölkəmizdə qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr
sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin təşviqi və
sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı
təşviq edir.
Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev
tərəfindən ölkəmizin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.
Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında sənədlərin
imzalanması mərasimi baş tutub. AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il
üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini
artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya
imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri
təşviq etmək nəzərdə tutulub. DO-DEM MMC ilə “Multipak Ambalaj” şirkəti
arasında imzalanmış müqaviləyə əsasən Azərbaycanda kağız əsaslı, təbiətə zərər
verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik
tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun
olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək.
Forum Azərbaycanda investisiya qoyuluşu imkanları, ticarət dövriyyəsinin
artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və
qida sənayesi, həmçinin yaşıl enerji, müdafiə sənayesi və sağlamlıq turizmi
üzrə panel sessiyalarla öz işini davam etdirir.
10:18
Bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb.
“Report” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin və Türkiyə
Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin
təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyidir.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət
naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan
iştirak edir.
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan
tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda
iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni
zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün
atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunacaq.
🇹🇷🇦🇿 Strateji müttəfiqlik və həmrəyliklə ortaq hədəflərə doğru uğurla
irəliləyən#Azərbaycan
#Türkiyə
birliyi#iqtisadi
münasibətlərimizin dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Bakıda
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin…
pic.twitter.com/DPnXcdwkNe
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 21, 2023