1a42b7ec-c28f-439f-81fd-4a085323a47c.jpg

Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq yeni raketlərin təyinatı nədir?

Baxış sayı: 193 dəfə baxılıb.

Hindistanın Müdafiə Nazirliyi Ermənistana “Pralay” kvaziballistik raketlərinin
satışına icazə verib. Nazirliyə yaxın olan “Alpha Defence” portalı bu məlumatı
dolayısı ilə təsdiqləyib.

Cixisyolu.com-a məsələ ilə bağlı fikirlərini bildirən Türkiyə Silahlı Qüvvələrinin
ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girne Amerikan
Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimiSadık Akyar
Ermənistanın Hindistan müdafiə sənayesi məhsullarına yönəlməsinin səbəblərindən
bəhs edib:

“Hindistan və Ermənistan arasında xüsusilə müdafiə sahəsində bir yaxınlaşma
var. Biz son dövrdə artilleriya sistemlərinin, tank əleyhinə raketlərin, raket
sistemlərinin İrəvana verilməsinin, yaxud bununla bağlı müqavilələrin
bağlanmasının şahidi olduq. Ən son Hindistanın müdafiə sənayesində
ixtisaslaşmış mətbuatı “Pralay” kvaziballistik raketlərinin satılması haqqında
razılığın əldə olunduğunu bildirdi.

Ermənistanın isə Hindistan bazarına üz tutmasının bir neçə səbəbi var.
Bunlardan birincisi Ukrayna müharibəsi, ikincisi – Ermənistanın Rusiyadan
Ankara və Moskva, Bakı və Moskva, Ankara və Bakı arasındakı əməkdaşlığa görə
istədiyi silahları ala bilməməsidir. Üçüncüsü isə odur ki, Hindistanın ABŞ ilə
münasibətləri nə qədər yaxşı olsa da, silah sistemlərinin əksəriyyətini Rusiya
və Çinlə müştərək şəkildə istehsal edir. Hazırda ABŞ faktorundan dolayı Çinlə
də münasibətlər pisləşib. Digər tərəfdən, Hindistan silah sistemləri
Ermənistanın istehsal sistemləri ilə uyğunlaşdırıla bilir”.

Polkovnik sözügedən raket sistemlərinin göstəricilərindən və döyüş
qabiliyyətindən danışıb:

“Pralay” ilə bağlı onu deyə bilərəm ki, bu kvaziballistik raket sistemləri
ortamənzillidir. Mənzili 300-500 km arasındadır, 500 kq-dan çox partlayıcı
başlığı daşıya bilir. “Pralay” hind dilində “qiyamət günü” mənasına gəlir.
Səbəbi isə onun nüvə başlığı da daşımaq qabiliyyətində olmasıdır. Bir də mobil
sistem olduğu üçün fərqli döyüş maşınlarının üzərində quraşdırıla bilir.
Hərəkətdə olan maşının üzərindən də atılması mümkündür, yəni tez-tez yeri
dəyişdirilə bilir. Özünü gizlətmək qabiliyyəti var, təyin olunması nisbətən
çətindir.

Bu raket sistemləri daha çox strateji hədəfləri qarşı-qarşıya döyüşə girmədən
(yol, körpü, aerodrom, elektrik stansiyası, hərbi hissə və s.) vurmaq üçün
istifadə olunur. Əlbəttə, Ermənistan ordusunun inventarına daxil olduğu zaman
təhdid yaradacaq. Azərbaycan Ermənistana gətirildikdən sonra bunların
hərəkətini izləməli və mümkün toqquşma halında olduqları yerdə məhv etməlidir”.

Söhrab İsmayıl

Source link