9e409eaf-bdd4-4cfa-9599-ea18268e06bd..jpg

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür – FOTO

Baxış sayı: 920 dəfə baxılıb.

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin
doğum günüdür – FOTO

Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından
biri, ictimai xadim, “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi
Firidun bəy Köçərlinin anadan olmasının 160-cı ili tamam olur.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi
qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün fədakarlıqla fəaliyyətə
başlayan ziyalı şəxsiyyətlərdən biri olan Firidun bəy Köçərli ömrünün 40 ilini
millətinin maariflənməsi və tərəqqisinə həsr edib.

Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi
xatırlanır və bu gün də mənsub olduğu xalqının yaddaşında yaşayır.

Cixisyolu.com Azərbaycanın ziyalı mütəfəkkiri olan Firidun bəy Köçərlinin əziz
xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Firidun Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər
guşələrindən olan Şuşa şəhərində ziyalı bəy ailəsində anadan olub. Ədibin
“Köçərli” kimi tanınmasının tarixi kökləri onun ulu babalarından olan Məhəmməd
bəy Cavanşir mahalının Köçərli kəndindən Şuşaya pənah gətirməsinə, şəhərin
şimal-qərbində yurd salmasına dayanır. Sonralar onun övladları Köçərli kimi
tanınıblar.

Firidun bəyin uşaqlığı qışda Əyricə kəndində, yaz-yayda Şuşada keçib. Atası
onda şeirə, ədəbiyyata həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədi ilə
1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy
dörd il bu mədrəsədə ibtidai təhsil alaraq, Sədinin “Gülüstan” və “Büstan”
əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini öyrənir. 1876-cı ildə
atasının arzusu ilə doğma şəhərində fəaliyyət göstərən rus məktəbinə daxil
olur. Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya
Müəllimlər Seminariyasının müəllimi, məşhur rus pedaqoqu A.O.Çernyayevskinin
(1840-1897) Qafqaz şəhərlərini dolaşaraq Qori Müəllimlər Seminariyası üçün
tələbələr cəm etdiyini görən F.Köçərlinin təhsilini daha da artırmağa marağı
oyanır. 1879-cu ildə Qori Müəllimlər Seminariyasına oxumağa gedir.

(1915-ci il, Firidun bəy Köçərli Şuşada qohumları ilə)

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy
Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib.
1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanımla ailə həyatı qurur.
Hətta 1910-cu ildə F.Köçərlini Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə
həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy
Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.
Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc
və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni
inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı.

(1920-ci il, həyat yoldaşı Badisəba xanım Köçərli ilə birlikdə)

Köçərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında
İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və
Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük
mədəni hadisəyə çevrilir. 1918-ci ildə Firidun bəyin təşəbbüsü ilə
seminariyanın Azərbaycan bölməsi Azərbaycanın Qazax şəhərinə köçürülüb.
Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il mayın 28-də Azərbaycan Milli
Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın
1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə
təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər o, Qazax
Müəllimlər Seminariyasının müdiri vəzifəsində (1918-1920) işləyib.

Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev Firidun bəy Köçərlinin
xidmətlərini nəzərə alaraq deyib ki, bir institutun görə bilmədiyi işi o,
təkbaşına görüb. Bu görkəmli maarifçi iyirmi ildən çox Qoridə, on il İrəvan
gimnaziyasında, iki ilə yaxın Qazax seminariyasında azərbaycanlı gənclərin
təlim-tərbiyəsi ilə məşğul olub və “Azərbaycan ədəbiyyatı” kimi çox sanballı
elmi əsər yazıb.

(Qazax Müəllimlər Seminariyasının binası)

Görkəmli ədəbiyyatşünasın dilə dair görüşlərində mətbuat dili məsələləri də
mühüm yer tuturdu. O, M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan
mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan
xadimlərdəndir. Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq
üçün F.Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi
ziyalılardan ibarət cəbhə yaradıldı. Bu cəbhənin işi Azərbaycan ədəbi dilini
canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, inkişaf etdirmək idi.
Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. F.Köçərli müasir
ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, onun canlı üslubunda
yazıb yaratmaq üçün M.P.Vaqif, M.V.Vidadi, H.Zərdabi, S.Ə.Şirvani, A.Bakıxanov,
Q.Zakir, M.F.Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi məsləhət
görürdü.

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin
elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən, onun “Azərbaycan
ədəbiyyatı” monoqrafiyası isə milli ədəbiyyatşünaslığın yeni istiqamətində
inkişafında böyük rol oynayan və özünün saysız-hesabsız müsbət, mütərəqqi
cəhətləri ilə bu gün də əhəmiyyətini, təravətini itirməyən əsərlərdən biridir.
Bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”,
1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilib.

Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra
başlanan faciə və məqsədli terror qurbanlarından biri də Firidun bəy Köçərli
oldu. O, sovet hakimiyyətinin elə ilk aylarında repressiyaya məruz qaldı. Belə
ki, 1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və Müsavatın digər
üzvlərini xalqa xəyanətdə, milli nifaq törətməkdə ittiham etdilər. Müsavatçı
olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar.
İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası
Firidun bəyi ölüm cəzasına məhkum edib.

1920-ci ildə Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl Ordunun 20-ci
diviziyasının hökmü əsasında mayın 24-də evinin qarşısında həbs edilib. Erməni
Sarkis Danilyanın diktəsi ilə haqqında verilən saxta hökmə əsasən, Firidun bəy
Köçərli iyunun 4-də 58 yaşında güllələnib.

Ədibin xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən əziz tutulur.
Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1967-ci il 12 sentyabr tarixli
Sərəncamına əsasən, Firidun bəy Köçərlinin adı Respublika Uşaq Kitabxanasına
verilib, onun kitabları nəşr etdirilib, haqqında çoxlu məqalə, kitab,
dissertasiya yazılıb, ədəbi irsi araşdırılıb və tədqiq olunub.

Source link