Azərbaycan ÜTT-yə üzv olsa: Nə itirəcək, nə qazanacaq?

Azərbaycan ÜTT-yə üzv olsa: Nə itirəcək, nə qazanacaq?

Baxış sayı: 2. 553 dəfə baxılıb.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi yenidən gündəmə gəlib. Bu dəfə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin respublikanın qruma üzvlüyünün vacibliyini vurğulayıb.

O, Azərbaycanın öz iqtisadi gücünə arxalanaraq üzvlüklə bağlı nailiyyətlər əldə edə bilməməsini anlaya bilmədiyini dilə gətirib. L.Devinin sözlərinə görə,  iqtisadiyyatı daha zəif olan ölkələr bu istiqamətdə artıq nailiyyətlər qazanıblar.

Qeyd edək ki, Azərbaycan 20 ildən çoxdur ki, üzvlüklə bağlı müraciət edib. Düzdür, ÜTT-yə qəbul mürəkkəb prosedurdur. Bu proses üç ildən 15 ilədək çəkə bilər. Lakin təşkilata üzvlüyün ləngiməsinin səbəbi həm də ölkəmizin buna maraq göstərməməsidir.

Əsas kimi, quruma üzvlüyün müsbət tərəfləri olduğu kimi, mənfi tərəflərinin olduğu irəli sürülür. 

Azərbaycan ÜTT-yə üzv olsa: Nə itirəcək, nə qazanacaq?
 
İqtisadçı alim Fikrət Yusifov ÇıxışYolu.Com-a şərhində bildirdi ki, bir neçə ildir, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır:

“Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı Azərbaycan hökuməti hələ 23 iyun 1997-ci ildə bu quruma müraciət etmişdi. Bu illər ərzində Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı çoxtərəfli danışıqlar davam etdirilib. Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupunun 2004-cü ildən başlayaraq ardıcıl olaraq toplantıları keçirilir”.

İqtisadçının sözlərinə görə, bu illər ərzində Azərbaycanın ÜTT-yə üzv olması məqsədilə 21 dövlətlə ikitərəfli danışıqlar aparılıb: 

“Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Danışıqlar prosesi bizi bu təşkilata nə qədər yaxınlaşdırsa da, hesab edirəm ki, hələlik bu təşkilata tamhüquqlu üzv olmağın zamanı çatmayıb.

Biz yalnız ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını lazım ola biləcək səviyyəyə qədər inkişaf etdirdikdən sonra bu təşkilata üzv ola bilərik”.

Ekspert deyir ki, bu gün bizim əsas vəzifəmiz yerli istehsalı xarici bazarların təsirindən qorumaqla onun sürətli inkişafını təmin etməkdən ibarətdir: 

“Real sektorun inkişafının indiki məsuliyyətli mərhələsində Azərbaycan hökumətinin ÜTT-yə üzvlüklə bağlı tutduğu mövqe tamamilə doğrudur. Bu məsələdə tələsmək olmaz. Belə bir təşkilata üzv olmaqda məqsədimiz onun imkanlarından maksimum bəhrələnmək olmalıdır. Ona görə də üzvlük yalnız ona tam hazır olacağımız zaman baş tuta bilər”.

Azərbaycan ÜTT-yə üzv olsa: Nə itirəcək, nə qazanacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov isə tamamilə fərqli düşünür. Onun sözlərinə görə, ÜTT-yə üzvlük vacibidr. Çünki hazırda beynəlxalq ticarətin 95 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür:

“ÜTT-nin başlıca məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, ədalətli rəqabət şəraitinin təminatı və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda, insanların həyat səviyyəsinin yüksəldilməsidir.

Quruma qəbul zamanı ölkələrin statusu fərqləndirilir və bəzi şərtlər bu statusla əlaqələndirilir. Bu şərtlərə, əsasən, tarif güzəştlərinə keçid dövrü və kənd təsərrüfatında ixraca subsidiyaların həcmi daxildir.

Tarif güzəştlərinə keçid dövrü maksimum 25 il üçün nəzərdə tutulur. Belə güzəştlər üçüncü dünya ölkələrinə şamil oluna bilər. İnkişaf etməkdə olan ölkələr üçün güzəştlərin müddəti fərqli ola bilər. İkinci mühüm məsələ – kənd təsərrüfatında ixraca subsidiyaların həcminə qoyulan nisbi kvota ilə bağlıdır.

Bu kvota inkişaf etməkdə olan ölkələr üçün subsidiyaların kənd təsərrüfatı məhsulunun ümumi həcmində 10 faizi, inkişaf etmiş ölkələr üzrə isə 5 faizi miqdarında verilir. Çünki tərəfdaş ölkələrin kənd təsərrüfatına subsidiyaları fərqli olduqda, bu, ümumi ticarətə pis təsir edir. Elə Uruqvay Raundunun da əsas tələbi bundan ibarət idi – daxili yardımları tənzimləmək və aşağı salmaq.

Məsələ burasındadır ki, ÜTT terminologiyasına görə, kənd təsərrüfatına ayrılan subsidiyalar şərti üç qrupa bölünür: yaşıl, sarı və qırmızı zənbil.

Yaşıl zənbil tətbiqinə heç bir məhdudiyyət qoyulmayan subsidiyalar qrupudur. Bu qrupa aid edilən subsidiyalar əsasən, infrastrukturun yaxşılaşdırılmasına, elmi-tədqiqat işlərinə yönəldilən daxili yardımlardır. Bu yardımlar məhsulun qiymətinə birbaşa təsir göstərmədiyindən ÜTT üzvlərinin, adətən, bu “zənbil”lə bağlı problemi olmur.

“Qırmızı zənbil” isə ixraca yönəldildən subsidiyalar hesab olunur və ÜTT bu subsidiyaları qadağan edir. Əsas müzakirə obyekti “sarı zənbil”dir. Bu “zənbil”ə aid edilən subsidiyalar malın qiymətinə birbaşa təsir edir”. 

R.Əliyev deyir ki, ÜTT-yə üzvlük şəraitində liberal iqtisadi siyasətin həyata keçirilməsi monopolistlər üçün sərfəli deyil: 

“İri şirkətlərin çoxunun fəaliyyəti beynəlxalq, müasir standartlara uyğun deyil. Sadəcə, indiki şərtlərdə bazarda böyük paya sahib ola biliblər. Rəqabətli mühit yarandıqda onların bir çoxu sırada çıxacaq. Bu kimi məqamlar ÜTT-yə üzvlüyü yubadır. Bundan əlavə, gömrük sisteminin şəffaflaşdırılması əhəmiyyətli məsələdir”.

R.Həsənov qeyd edir ki, gömrük sisteminin şəffaflaşdırılması, liberal iqtisadi şəraitin yaradılması Strateji Yol layihələrində də nəzərdə tutulub:

“ÜTT-yə qəbul ölkədə liberal xarici ticarət mühitini formalaşdıracaq. Azərbaycanın ixracının artırılmasına, eləcə də, xarici ticarətdə yeni bazarlara çıxışa ehtiyac var. Çünki məhsullarımızın xarici bazarlara çıxışı məhduddur.

Bundan əlavə, qruma üzvlük yerli investorlarla yanaşı, xarici investorların ölkədə istehsalı təmin etməsinə imkan yaradacaq. İki-üç sektor var ki, onlar xam sektordur. Xarici investorların bu sektorlara pul yatırıb, məhsul istehsal edərək üçüncü ölkələrə satması mümkündür”.

Ekspertin fikrincə, hazırkı şərtlər daxilində Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində, ixrac potensialının istifadəsində əsas məqamlardan biri də məhz quruma daxil olma prosesinin sürətləndirilməsi və ən qısa müddətdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının təmin edilməsidir.

L.Əliyeva  
www.ÇıxışYolu.Com