0be91687-8fdd-4cd6-ab00-65e8dbdd36e6..jpg

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib

Baxış sayı: 957 dəfə baxılıb.

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Avstriya Respublikası
Federal Avropa və Beynəlxalq məsələlər üzrə Nazirliyi arasında növbəti siyasi
məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin
müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Avstriya
Respublikasında işgüzar səfərdə olub.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Siyasi məsləhətləşmələrdə Avstriya nümayəndə heyətinə bu ölkənin Federal
Avropa və Beynəlxalq İşlər Nazirliyinin İkitərəfli məsələlər və Avropa
İttifaqının ümumi xarici siyasəti üzrə baş direktoru, siyasi direktor Greqor
Kössler rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin hazırkı vəziyyəti
təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında ticarət və iqtisadi əlaqələr üçün geniş potensial imkanları
vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji və
investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib.
Müzakirələr zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
genişləndirilməsi imkanlarına toxunulub.

Bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində ölkəmizin səyləri,
Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları, işğaldan azad
edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz
yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni
əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə
reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində, habelə Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri
Norbert Hoffer, Avstriya Parlamentinin Avstriya – Cənubi Qafqaz Dostluq
Qrupunun üzvləri və Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat
Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş
direktoru və Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında
iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində
əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə də görüşlər
keçirilib.

Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hofer ilə keçirilmiş
görüşdə iki ölkə arasında parlamentlərarası sahədə münasibətlər müzakirə
edilib, parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Görüş əsnasında qarşı
tərəfə Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində
səylər və addımlar barədə ətraflı məlumat təqdim edilib.

Avstriya Parlamentinin Cənubi Qafqaz ölkələri ilə Dostluq Qrupunun üzvləri ilə
görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı üçün müvafiq dostluq
qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, eləcə də Ermənistan-Azərbaycan
arasında münasibətlərin normallaşma prosesi haqqında məlumat təqdim edilib,
regiondakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir müavini X.Xələfovun Avstriya Respublikasının Federal
Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və
Beynəlxalq Siyasət üzrə baş direktoru, Azərbaycan Respublikası ilə Avstriya
Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və
texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian
Frauşer ilə keçirdiyi görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın
cari vəziyyəti və perspektivləri, əməkdaşlığlın inkişafı üçün Qarışıq
Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Source link