7c1c3109-3430-47ac-af75-7f44ed6cd501.webp

Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib

Baxış sayı: 202 dəfə baxılıb.

Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının xarici işlər
nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat
verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Fariz Rzayev, Belçika Krallığının nümayəndə heyətinə isə Xarici İşlər
Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik
edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr
müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı
səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti qeyd
olunub.

İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət dövriyyəsinin artırılması,
enerji, nəqliyyat, yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından
faydalanmağın əhəmiyyəti vurğulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə
həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr
aparılıb.

Xalqlararası təmasların inkişafında mədəniyyət və təhsil kimi sahələrdə
mübadilələrin artırılmasının səmərəli olacağı bildirilib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, cari ilin noyabr
ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və
görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə regional məsələlər də diqqət mərkəzində olub. Qarşı tərəfə
post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı
sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş
ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı
bərpa-quruculuq işləri barədə məlumat verilib.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər, eləcə də birgə maraq kəsb
edən digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

Source link