Azərbaycan və Belçika XİN başçıları siyasi məsləhətləşmələr keçirib

Azərbaycan və Belçika XİN başçıları siyasi məsləhətləşmələr keçirib

Baxış sayı: 2. 342 dəfə baxılıb.

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. 

XİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Anik Van Kalster rəhbərlik edib.

Ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edən nazir müavini Xələf Xələfov siyasi münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirib və ölkəmizin Belçika ilə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə vurğulayıb. 

X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və infrastruktur layihələri haqqında ətraflı məlumat verərək Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ölkələrinin Avropa bazarlarına çıxması, eləcə də sözügedən regionda insanlararası təmasın daha da artması üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb.

28 May tarixində Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayan X.Xələfov ölkəmizin demokratik ənənələrə sadiq olduğunu və bu yolla uğurla inkişaf etdiyini qeyd edib. 

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Belçika tərəfinə təşəkkürünü bildirib. 

Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdıran belçikalı diplomat Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququnun verilməsini mütərəqqi bir tarixi hadisə kimi qiymətləndirib.

İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayan A.V.Kalster Belçika və Azərbaycan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirib. Diplomatik nümayəndəliklərin ikitərəfli əməkdaşlığın inkişafındakı səylərini təqdir edən A.V.Kalster son dövrlər iki ölkə arasında yüksək səviyyəli görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və bir sıra mübadilə proqramlarının həyata keçirdiyini vurğulayan belçikalı diplomat enerji sahəsində Azərbaycanın Avropa İttifaqının, xüsusilə Belçikanın strateji tərəfdaşı olduğunu və ARDNŞ ilə Belçika şirkətlərinin bu sahədə səmərəli əməkdaşlıq həyata keçirdiyini xüsusilə vurğulayıb.

A.V.Kalster ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyərək, münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsi və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib. 

www.ÇıxışYolu.Com