52bd9c38-5494-4359-b69f-82b580f2ca1a..jpg

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb – FOTO

Baxış sayı: 827 dəfə baxılıb.

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik
Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi
məsləhətləşmələrin ilk iclası keçirilib.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər
nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə xarici işlər və
xaricdəki milli icma nazirliyinin baş katibi Lounes Magraman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və
əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi və
parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı yüksək
səviyyəli səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

İclas zamanı həmçinin təhsil, mədəniyyət, turizm, səhiyyə və bir sıra başqa
sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkənin aidiyyəti
qurumlarının iştirakı ilə Birgə İqtisadi Komissiyanın təsis edilməsinin müvafiq
istiqamətlərdə ikitərəfli əlaqələrinin inkişafına təkan verəcəyi vurğulanıb.

Çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əməkdaşlıq məsələlərinə
toxunan tərəflər, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində mövcud təmasların səviyyəsindən məmnunluq ifadə ediblər. Ölkəmizin
Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürülmüş təşəbbüslərin Hərəkatın
beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi
təqdir olunub, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da ikitərəfli
əməkdaşlığın müsbət dinamikasının qorunub saxlanmasının vacibliyi diqqətə
çatdırılıb.

İclasda habelə regional və beynəlxalq siyasi proseslər ətrafında fikir
mübadiləsi aparılıb.

Source link