Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr aparılıb

Baxış sayı: 3. 441 dəfə baxılıb.

Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr aparılıb

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və İsveçrə Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə edib və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

İki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı sərmayələr, o cümlədən “Holcim”, “Stadler Rail Group” və digər İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilərək əməkdaşlığın, xüsusilə də iqtisadi sahədə daha da gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılaraq Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət müzakirə edilib. 

Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanaraq, İsveçrənin münaqişə tərəfləri arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazır olması yüksək dəyərləndirilib.

Bundan əlavə, tərəflər ölkəmizdə aparılan iqtisadi islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsində İsveçrə şirkətlərinin iştirakı, Azərbaycan və İsveçrə arasında hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, kənd təsərrüfatı, elm və təhsil sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.