3102fb20-d434-43f3-9c1e-7f9aadec567d.jpg

Azərbaycan və NATO hərbi əməkdaşlığı müzakirə edilib

Baxış sayı: 272 dəfə baxılıb.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq
Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat
yayıb.

Bildirilib ki, general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə
münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş
Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən
beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və
mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.

“Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də
humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran
əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, – deyə
general-polkovnik K.Vəliyev bildirib.

Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə
də ətraflı məlumatlandırılıb. General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat
İmkanları Konsepsiyası çərçivəsində bölmələrin hazırlığına böyük töhfə
verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin
zəruriliyini qeyd edib. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində
Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan
kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada
revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda
vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

General-leytenant Y.Adamçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edib,
Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində
bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı
“Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi
töhfəyə görə minnətdarlığını bildirib.

Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik
və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək
ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20
Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və
ehtiramla yad edib. Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən
müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi
texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı
vasitələrə baxıblar. Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi
İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.

Azərbaycan və NATO hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan və NATO hərbi əməkdaşlığı müzakirə edilib

Source link