2 may 2018-ci il tarixində “Savalan” şərablarının istehsalçısı “ASPİ AQRO” şirkəti daha bir layihəyə imza atıb.
Belə ki, “ASPİ AQRO” şirkəti və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyilə Azərbaycanın və Niderlandın Les Patrons Cuisiniers assosiasiyasının peşəkar aşpazlarının iştirakı ilə Azərbaycan-Niderland qastronomik master-klass keçirilib.
Tədbirin keçirilməsində məqsəd Avropa mətbəxinin öyrənilməsi, şərabın milli mətbəxdə modern istifadə olunması, Azərbaycan milli mətbəxinin təbliği, onun xarici qonaqlara və yerli tamaşaçılara bir daha nümayiş olunması, Niderlandla Azərbaycan arasında qastronomiya sahəsində ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi olub.
Hollandiyalı aşpazları iki Mişlen ulduzlu və Niderlandda məşhur “OPBUUREN” fransız mətbəxi restoranının sahibi olan Karl Martin van Baggem, iki Mişlen ulduzlu və qurman restoranı “De Lindehof”un sahibi Soyenildat Bahadur kimi məşhurlar, həmçinin Mişlen ulduzlu və “El-Qataryne” restoranının sahibi istedadlı baş aşpaz Aytəkin Ərdoğan təmsil edib.
Master-klassda Hollandiyanın ən yaxşı restoranlarını desert və un məmulatları ilə təchiz edən mahir şirniyyat və çörək ustası Ralf Cohan Filipp Bond da iştirak edib.
Azərbaycanlı aşpazları beynəlxalq kulinariya müsabiqələrində medallara layiq görülmüş baş aşpazlar Seymur Cavadov, Maksim Qolovin və istedadlı qənnadçı İsmayıl Axundov təmsil ediblər.
Azərbaycan ustalarının menyusunda üzüm yarpağından dolma, şərab sousunda marinada qoyulmuş qoyun əti, ağ şərabda nərə balığı ─ sırdağ, qırmızı şərabda quzu karesi və desert olaraq xan-halva var idi.
Niderland aşpazları tərəfindən kürü ilə nərə balığından “İnperator”, lavaş və qara zeytun tozu ilə göbələk bulyonu və desert olaraq çiyələklə karamelli muss hazırlanıb.
Yeməklər restoranın açıq mətbəxində hazırlanıb və bu da tədbir iştirakçılarına sanki incəsənət əsərləri yaradan ustaların məharətli əl işlərini yaxından seyr etməyə imkan yaradıb.
Master-klassın keçirilmə yeri təsadüfən seçilməyib. Belə ki, restoranın şərq koloriti mülayim və təbii atmosfer yaradaraq ünsiyyətə cəlb edib. Bu sehirli aurada qonaqlar hazırlanan yeməklərin dadına dad qatan və hətta bəzən onların yaradılmasına ilham verən xüsusi seçilmiş Savalan şərablarının dadına baxa və ləzzətindən həzz ala biliblər.
Dəvət olunmuş qonaqlar arasında Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri səfiri Onno Kervers, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, məşhur jurnalist və blogger Azər Qərib, kulinariya haqqında “Vision” jurnalının baş redaktoru Lorenzo Ledel, həmçinin “Porsche”, “Heineken” və dünya model agentliklərilə çalışmaq üçün eksklüziv hüquqa malik, kulinariya vurğunu hollandiyalı fotoqraf İvo Ceskus vardı.
Master-klassda peşəkar mütəxəssislərlə yanaşı, Bakı Turizm Məktəbi, Bakı Qida Sənaye Kolleci, peşə liseylərinin tələbə və müəllim heyəti də yaxından iştirak ediblər.
Tədbirin sonunda Azərbaycan-Niderland qastronomik master-klass iştirakçılarına sertifikatlar təqdim edilib.