d4ef6f86-f264-430c-8408-40c9827fc37c..jpg

Azərbaycan və Özbəkistan vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Baxış sayı: 874 dəfə baxılıb.

Azərbaycan və Özbəkistan vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Özbəkistan arasında risklərin idarə edilməsi, vergi
inzibatçılığında informasiya sistemlərinin tətbiqi, zəruri məlumatların əldə
olunması zamanı digər dövlət strukturlarının məlumat bazaları ilə inteqrasiya,
əlavə dəyər vergisinin inzibatçılığı və digər məsələlər barədə fikir mübadiləsi
aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu məsələlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin (DVX) rəisi Orxan Nəzərli ölkəmizdə səfərdə olan Özbəkistan
Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi
Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyevin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub. Görüşdə iki ölkə
arasında vergi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

DVX rəisi Orxan Nəzərli ölkələrimizin bənzər iqtisadi çağırışlarla üz-üzə
olduğunu qeyd edib və Azərbaycanın vergi sistemində aparılan işlər, həyata
keçirilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətini məlumatlandırıb.
Görüş zamanı biznesin vergi öhdəlikləri sahəsinə nəzarət mexanizmləri, “kölgə
iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətlərinin
tətbiqi, yüksək vergi riski olan müəssisələrə tətbiq edilən vergi nəzarəti
tədbirləri, vergidən yayınmanın ümumi sxemlərinin müəyyən olunması və aradan
qaldırılması sahəsində təcrübə mübadiləsinin aparılması imkanları qeyd edilib.

Tərəflər xüsusi iqtisadi zonaların iştirakçıları üçün müəyyənləşdirilmiş vergi
rejimləri və güzəştlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
vergi inzibatçılığı, pərakəndə ticarət müəssisələrinin və xidmətlərin satışı
üzrə dövriyyəyə vergi nəzarəti, banklarla məlumat mübadiləsi, nağd pulla həyata
keçirilə bilən əməliyyatlar üzrə qanunvericilikdə nəzərdə tutulan
məhdudiyyətlərlə bağlı milli təcrübələri müzakirə ediblər. Xüsusilə, “kölgə
iqtisadiyyatı”na qarşı mübarizədə strukturlararası əməkdaşlıq məsələsi diqqət
mərkəzində olub. Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədrinin
birinci müavini Mubin Mirzəyev “kölgə iqtisadiyyatı” ilə bağlı məsələlərin
vergi orqanları qarşısında duran prioritetlərdən olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması
sahəsində son illər əhəmiyyətli nəticələr əldə edib. DVX rəisi Orxan Nəzərli bu
sahədə aparılan işlər barədə geniş məlumat verib.

Görüşdə ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın
dərinləşdirilməsi, məlumat və təcrübə mübadiləsi sahəsində əlaqələrin
genişləndirilməsi qərara alınıb.

Source link