Azərbaycan və Pakistan iki saziş hazırlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin
yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət
Sazişinin hazırlanması üzərində işləyirlər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər
Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd
Şeyx ilə görüşdə bildirib.
O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli
qərarına əsasən, Pakistandan idxal olunan düyünün 2027-ci il dekabrın 31-dək
idxal gömrük rüsumundan azad edilməsi barədə məlumat verib.
Səfir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə ölkələr arasında
ticarət dövriyyəsi xeyli artaraq 100 milyon ABŞ dollarını ötüb.
X.Fərhadov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistana LNG tədarükünün
bərpasının, eləcə də enerji və informasiya texnologiyaları sektorlarına
qarşılıqlı investisiyaların qoyulmasının hər iki ölkənin iqtisadiyyatına töhfə
verəcəyini vurğulayıb.
O, Azərbaycan və Pakistanın işgüzar dairələri arasında əlaqələrin
yaxşılaşdırılmasının zəruriliyini qeyd edib:
“Özəl sektorun iştirakı olmadan biz heç vaxt səy göstərdiyimiz məqsədə nail
ola bilməyəcəyik. Özəl sektor Azərbaycan-Pakistan hökumətlərarası birgə
komissiyanın 2021-ci ilin dekabrında keçirilmiş VII iclası zamanı yaradılmış
birgə işçi qruplarında iştirak etməlidir. Bu qruplar müxtəlif sahələri əhatə
edir və özəl müəssisələr ticari-iqtisadi əməkdaşlığın inkişafında iştiraka
dəvət edilməlidir”.
KTSP-nin prezidenti İftixar Əhməd Şeyx isə öz növbəsində ticarət-iqtisadi
əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycanı qarşıdan gələn
“Mənim Kəraçim – Harmoniya oazisi” beynəlxalq sərgisində iştirak etməyə dəvət
edib.