e41a09f0-eb61-4cca-8dbc-d1df99e61f87.jpg

Azərbaycan və Türkiyə arasındakı yaşıl enerji dəhlizi regionun geosiyasətini dəyişir

Baxış sayı: 291 dəfə baxılıb.

Azərbaycan və Türkiyə arasında həyata keçirilməsi planlaşdırılan yaşıl enerji
dəhlizi iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsidir. Bu əməkdaşlıq
regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini dəstəkləyən bir
addımdır. Son dövrlər geosiyasi gərginlikləri də nəzərə alsaq, layihənin çox
böyük önəmə sahib olduğunu əminliklə deyə bilərik.

COVID-19 pandemiyasından sonra dünyada baş verən böhranlar bütün qlobal
mexanizmlərə təsirsiz ötüşməyib. Bunun nəticəsində də yaşıl enerji və iqlim
dəyişikliyi ilə bağlı planların həyata keçirilməsində geriləmə prosesi müşahidə
edilib. Bununla belə, hər bir böhranın mənfi tərəfləri ilə yanaşı, regional
əməkdaşlığa müsbət təsiri də olur. Yuxarıda qeyd edilən Azərbaycanla Türkiyə
arasında “yaşıl dəhliz” layihəsi də məhz belə əməkdaşlıqlardandır. Hazırda
Türkiyə və Azərbaycan enerji infrastrukturlarının inteqrasiyasını başa
çatdırmaq və enerji ixracını, xüsusilə Naxçıvan vasitəsilə həyata keçirmək
üzərində işləyirlər. Qeyd etmək lazımdır ki, Naxçıvanda gigavat gücündə bərpa
olunan enerjiyə əsaslanan istehsal müəssisəsinin açılması da Türkiyənin enerji
bazarına qoşulmaq üçün nəzərdə tutulub. İki qardaş türk dövləti Avropanın,
regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Onsuz da Azərbaycanın reallaşdırdığı “Bakı-Tbilisi-Ceyhan”,
“Bakı-Tbilisi-Ərzurum” və TANAP kimi layihələr regional təchizat
təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, rəsmi Bakı 2030-cu ilə
qədər yaşıl enerji potensialının 70%-dən çoxunu ixrac etməyi planlaşdırır. Bu
məqsədlə də Xəzər-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa, Mərkəzi
Asiya-Azərbaycan-Avropa kimi yaşıl enerji dəhlizlərinin yaradılması ilə bağlı
çalışmalar sürətlə davam edir.

Azərbaycanın bu siyasətlərinin əsasını 4 mart 2024-cü ildə keçirilən
Aİ-Azərbaycan Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı təşkil
edir. Bu görüş çərçivəsində Avropa enerji sektorunun, xüsusilə külək
sənayesinin təmsilçisi olaraq görülən “WindEurope”la anlaşma memorandumunun
imzalanması prosesi fərqli bir ölçüyə gətirir. Azərbaycanın Avropa İttifaqı
ölkələri ilə münasibətlərini enerji diplomatiyası üzərində qurması bu əlaqələri
daimi və konkret edir.

Azərbaycanın ehtiyatları

Zəngin neft və qaz yataqları ilə yanaşı, Azərbaycan həm də ölkənin coğrafi
mövqeyinə görə bir çox bərpa olunan enerji növlərinə və münbit torpaqlara
malikdir. Azərbaycanın günəş enerjisi potensialı kifayət qədər yüksəkdir.
Energetika Nazirliyinin məlumatına görə, ölkənin texniki günəş enerjisi
potensialı 23 min MVt civarındadır. Azərbaycan, hər il 2400-3200 saat günəş
işığı alır ki, bu da onu beynəlxalq standartlarla müqayisədə yüksək səmərəli
edir. Bundan əlavə, ölkənin günəş radiasiyasının intensivliyi təxminən
1500-2000 kVt/m²-dir. Ən məhsuldar günəş resursları mərkəzi çay vadilərində,
şimal və şimal-qərb bölgələrində yerləşir.

Azərbaycan, xüsusilə Xəzər dənizinin sahili küləkli yer kimi tanınır.
Qədimlərdən Bakıya “Küləklər şəhəri” adı da əbəs yerə verilməyib. Ölkənin
texniki külək enerjisi potensialı 3 000 MVt olaraq müəyyən edilib. Bu
potensialın 800 MVt-ı qənaətcil hesab olunur və bu güc ildə 2,4 TVt/saat enerji
istehsal edə və 1 milyon ton şərti yanacağa qənaət etməklə CO2 emissiyalarını
azalda bilər. Xüsusilə Abşeron yarımadasında küləyin orta illik sürəti 7,9-8,1
metr/saniyə təşkil edir. Ölkə üzrə ümumi orta küləyin sürəti 6 m/s civarındadır
ki, bu da onun iqtisadi və texniki potensialını gücləndirən amildir.

Hidroenergetika bu gün Azərbaycanda ən böyük bərpa olunan enerji mənbəyidir,
lakin o, hələ tam potensialına çatmayıb. Rəsmi məlumata görə, ölkənin kiçik su
elektrik potensialı 520 MVt təşkil edir və bu güc ildə 3,2 TVt/saat enerji
istehsal edə bilər. Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyi ölkənin geotermal enerji potensialının 800
MVt olduğunu açıqlayıb. Ölkənin 11 geotermal bölgəsində temperaturu 30°C-dən
100°C-yə qədər olan sular var və bu sulardan elektrik enerjisi istehsalı və ya
istilik üçün istifadə oluna bilər. Quba rayonunda suyun temperaturu 36°C-dən
85°C-dək, Kür-Araz ovalığında isə 95°C-ə qədərdir.

Hədəf və məqsəd

Yuxarıda sadalananlardan da məlum olur ki, ölkənin yaşıl enerji dəhlizi
yaratmaq üçün bütün imkanları var. Azərbaycan isə bərpa olunan enerji
layihələrinə sərmayə qoymaqla təkcə qalıq yanacaq tədarükçüsü deyil, həm də
yaşıl enerji təminatçısı olmağı qarşısına məqsəd qoyduğunu qəti şəkildə nümayiş
etdirir. Bu isə beynəlxalq aləmdə rəsmi Bakının imicini daha da nüfuzlu etməyə,
yaxşılaşdırmağa şərait yaradır. Məsələn, külək və günəş enerjisi potensialı
üzrə layihələr Avropanın bərpa olunan enerji hədəflərinə töhfə verə bilər. Bu,
Azərbaycana qlobal enerji keçidində daha davamlı imic qazanmağa və ekoloji
diplomatiyada fəal rol oynamağa imkan verir. Öz növbəsində isə belə fəaliyyət
beynəlxalq platformada daha güclü mövqe qazanmağa imkan verə bilər.

Paris İqlim Sazişinin imzalanmasından sonra Azərbaycan 2030-cu ilə qədər
istixana qazı emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasını
hədəfləmək qərarına gəlib və bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin
təmiz enerji strategiyasının mühüm elementinə çevrilib.

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və təmiz enerjiyə keçid
təşəbbüslərində bir neçə ölkə ilə birgə işləməyə nail olub və Türkiyə, Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Mərkəzi Asiya və bir çox Avropa
ölkələri ilə birgə layihələr həyata keçirilir.

Türkiyə ilə əməkdaşlıq

Azərbaycan və Türkiyənin yuxarıda qeyd edilən yaşıl enerji dəhlizi nəinki
regionun, hətta Avropanın da enerji təhlükəsizliyi üçün böyük töhfə sayılır.
Nəzərdə tutulan dəhliz Xəzər dənizindən Türkiyəyə qədər uzanacaq. Ardıcıl
həyata keçirilən layihələr Azərbaycan və Türkiyə arasında yaşıl enerji
dəhlizinin yaradılmasına dəstək verir. Bakı yaşıl enerji təchizatı sahəsində
regional liderliyi təmin edəcək istehsal və ixrac layihələri üzərində işləyir.

Qeyd etmək yerinə düşər ki, 24 sentyabr tarixində Hamburqda keçirilən Külək
Enerjisi Konfransında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil
edib. Azərbaycanlı nazir bu konfrans çərçivəsində təşkil edilən “Enerji
keçidinin müddəti” mövzusunda sessiyada iştirak edib və bu sessiyada Azərbaycan
və Türkiyənin yaşıl enerji dəhlizləri yaratmaq istəyini, o cümlədən yaşıl
enerji dəhlizlərini müzakirə edib. “Xəzər dənizi – Qara dəniz – Avropa”
təşəbbüsü Avropaya ilkin olaraq təxminən 4 giqavat yaşıl enerji verəcək.

“Azərbaycan-Türkiyə-Avropa” dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan Türkiyə
və Avropaya elektrik enerjisinin ötürülməsi üçün daha böyük potensiala malik
olmaqla, Naxçıvan regionundan 1 giqavat bərpa olunan enerjinin ixracını nəzərdə
tutur. Azərbaycanın energetika naziri Xəzər dənizi yaşıl enerji dəhlizinin
birləşdirilməsi imkanlarının müzakirəsi ilə yanaşı, Azərbaycan, Qazaxıstan və
Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji
tərəfdaşlıq haqqında hökumətlərarası sazişin tezliklə imzalanacağını diqqətə
çatdırıb.

Göründüyü kimi, Azərbaycan yuxarıda sadalanan səylər sayəsində yaşıl enerji
istehsalçısı və ixracatçısı kimi Avropada öz mövqeyini daha da
möhkəmləndirəcək, bu sahədə söz sahibi olan ölkələrdən birinə çevriləcək.

“Report” İnformasiya Agentliyi

Source link