Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri
arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Cixisyolu.com-a ARKA-dan məlumat verilib.
Qeyd edilib ki, memorandum agentlik və Türkiyənin tanınmış film şirkətləri
olan “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında imzalanıb.
Memoranduma əsasən, yaxın vaxtlarda “Qızıl qatar” (“Altın tren”) adlı
Azərbaycan və Türkiyə bazarlarına çıxacaq birgə filmin istehsalı nəzərdə
tutulur.
Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli
Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru
vəzifəsini icra edən Orxan Fikrətoğlu, Türkiyə tərəfdən isə “Skala Film”
şirkətinin İdarə Heyətinin sədri İsmayıl Bəyazid imzalayıblar.
Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin
əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir.
Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş
Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil
edir.
Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino
sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin
istehsalçıları tərəfindən həyata keçiriləcək.
Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması məsələsi də öz əksini
tapıb.