Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq Protokolu imzalanıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri
komitəsi və Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər
imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb.
“Report” xəbər verir ki, sənədi Türkiyənin Ailə və sosial xidmətlər naziri
Mahinur Özdemir Göktaşın iştirakı ilə Milli Məclisin komitə sədri Hicran
Hüseynova və TBMM komissiya sədri Çiğdem Erdoğan Atabek imzalaylblar.
Qeyd edək ki, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova Türkiyə Respublikasının Antalya şəhərində “Qadın və
kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin
artırılması” mövzusunda keçirilən konfransda iştirak edib.
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən konfrans
çərçivəsində “Qərarvermə mexanizmlərində qadınların iştirakı”, “Qadınların
gücləndirilməsində və qadınlar və kişilər üçün bərabər imkanların təmin
edilməsində təhsilin rolu”, “İş-həyat balansı və ailəyə uyğun siyasət və
təcrübələr”, “İctimai və özəl sektorda qadınlar və kişilər üçün bərabər
imkanların əldə edilməsində imkanlar və çətinliklər” və “Mediada qadın
hüquqlarının və uğurlu hekayələrin təşviq edilməsi” mövzularında panel
müzakirələr keçirilib. Panellərdə Türk Dövlətləri Parlament Assambleyasının
(TÜRKPA) üzv ölkələrinin müvafiq komitələrindən parlamentarilər və digər
ekspertlər üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların təmin
edilməsi və qadınların səlahiyyətlərinin artırılması məsələləri ətrafında fikir
mübadiləsi aparıblar.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransın
açılışında çıxış edib, Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və
konfrans iştirakçılarına Azərbaycan tərəfinin mesajlarını çatdırıb. O,
panellərin işinə qatılaraq müzakirə olunan mövzularla bağlı ölkəmizdə həyata
keçirilən dövlət siyasəti, formalaşmış qanunvericilik bazası, əldə olunan
nailiyyətlər və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.