Azərbaycan və Türkiyə Voleybol Federasiyaları arasında Əməkdaşlıq Memorandumu
imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Azərbaycan Voleybol
Federasiyasının (AVF) rəhbərliyi, federasiya nümayəndələri və ölkəmizdə səfərdə
olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç,
CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının
prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti
Lyubomir Qanev arasında görüş keçirilib.
Tədbirdə AVF-nin əməkdaşları video təqdimatlarla çıxış ediblər.
Qadınlardan ibarət millinin meneceri Səbinə Babayeva yeniyetmə qızların və
oğlanların yığmalara cəlb olunması istiqamətində görülən işlərdən, beynəlxalq
əməkdaşlıq üzrə menecer Nərgiz İsmayılova regional voleybol klublarının
fəaliyyəti və regionlarda həyata keçirilən tədbirlərdən danışıb.
Ölkəmizdə çimərlik voleybolunun hazırkı vəziyyəti və bu sahədə görülən işlərlə
bağlı çimərlik voleybolu üzrə menecer Orxan Hüseynzadə, federasiyanın strateji
planı və klublarda görülən işlər haqqında isə AVF-nin idman direktoru Vüqar
Hüseynzadə məlumat verib.
Sonra Azərbaycan Voleybol Federasiyası və Türkiyə Voleybol Federasiyası
arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi AVF-nin prezidenti Şahin Bağırov və TVF-nin prezidenti Akif Üstündağ
imzalayıb.
Akif Üstündağ çıxış edərək bildirib ki, bu sənəd hər iki qurum arasında
əlaqələrin genişləndirilməsinə töhfə verəcək. O, bir millət, iki dövlət olaraq
hər zaman qardaş ölkə Azərbaycanın yanında olduqlarını deyib. Memorandumun
əhəmiyyətini vurğulayan A.Üstündağ sənədin tərəflərin voleybol sahəsində
əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Şahin Bağırov Memorandumun məqsədindən, həmçinin TVF ilə
birgə görüləcək işlərin əhəmiyyətindən söz açıb. O, imzalanan sənədin iki
qardaş ölkə arasında voleybol sahəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan
verəcəyini bildirib, yaxın gələcəkdə böyük uğurlar qazanılacağına inamını ifadə
edib. Ş.Bağırov ölkəmizdə səfərdə olan bütün qonaqlara minnətdarlığını bildirib.