Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD üzvü olmaqda ittiham edilərək həbs
olunub – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tbilisi Şəhər Məhkəməsi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli
bilinən və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunaraq saxlanılan
Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib.
APA xəbər verir ki, məlumatı “Mtavari Arxi” telekanalı yayıb.
Bildirilib ki, məhkəmə saxlanılan hər iki əcnəbinin digər cinayət əməlləri
törətməsi, istintaqın gedişinə mane olması təhlükəsini nəzərə alaraq onların
barəsində həbs qətimkan tədbiri seçib.
14:39
Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda
ittiham edilərək saxlanılıb.
APA xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Bildirilib ki, ötən gün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)
anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda
şübhəli bilinərək saxlanılmış iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri
isə Rusiya vətəndaşıdır.
DTX-nın məlumatında bildirilib ki, onlar Gürcüstan ərazisi ilə qanunsuz olaraq
miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq
şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.
Məlumata görə, saxlanılanların məhkəməsi bu saatlarda Tbilisi Şəhər
Məhkəməsində keçiriləcək.
Qeyd olunub ki, istintaqın davam etməsi ilə əlaqədar iclas qapalı keçiriləcək.
Saxlanılanların vəkili Ani Şişniaşvili bildirib ki, DTX sübut əldə edə
bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və
partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini
nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.
Qeyd edək ki, Gürcüstan DTX-nın anti-terror mərkəzi ötən gün Tbilisidə eyni
vaxtda iki nöqtəyə basqın edib. Qurumun məlumatına görə, basqın zamanı elektrik
şoku cihazları, hərbi vasitələr, saxta sənədlər, əldəqayırma partlayıcı
vasitələr və İŞİD simvolları aşkarlanaraq müsadirə edilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236 və 344-cü maddələri ilə
istintaqa başladılıb. Anti-terror mərkəzinin saxlanılanlarla əlaqəsi olan digər
şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirdiyi qeyd
olunub.