1d8dcf63-2cfd-4078-b98e-5ba68bededd2..jpg

Azərbaycan vətəndaşları bayram günlərində harada istirahət edəcək? – FOTO

Baxış sayı: 801 dəfə baxılıb.

Azərbaycan vətəndaşları bayram günlərində harada istirahət edəcək? – FOTO

2023-cü ilin gəlişinə sayılı günlər qalıb.

Bayramla əlaqədar Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr – 4 yanvar
tarixləri Azərbaycanda qeyri-iş günləri elan edilib.

Bəs ölkə vətəndaşları bayram günlərində harada istirahət edəcək? “Report”
bununla bağlı vəziyyəti araşdırıb.

Turizm sektoru üzrə mütəxəssis Rəhman Quliyev deyir ki, hər il olduğu kimi, bu
il də Azərbaycan vətəndaşları arasında bayramı ölkə xaricində keçirmək istəyən
şəxslərin sayı az deyil: “İnsanlar daha çox Türkiyənin İstanbul və Antalya
şəhərlərinə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə – şou-proqramlar
keçiriləcək hotellərə üz tutur. Rusiyanın iri şəhərləri də vətəndaşlarımızın
seçimi arasında ilk yerlərdədir. Yessentuki, Kislovodsk kimi yerlərə getmək
istəyənlər də var. Eyni zamanda, bu ərazilərdən də Azərbaycana turistlər gəlir”.

Onun sözlərinə görə, maddi imkanları nisbətən məhdud olanlar isə Azərbaycanın
bölgələrində dincəlməyə çalışırlar: “Koronavirus (COVID-19) pandemiyasından
qalmış qadağalar, qonşu ölkələrlə quru sərhədlərin bağlı olması turistlərin
xeyli hissəsinin ölkədən çıxışına çətinlik yaradır. Ekonom büdcəli
turistlərimiz daha çox regionlarda istirahət etməyə üstünlük verir. Onları
yerləşdirmək üçün kifayət qədər komplekslər var. Əvvəlki illərə nisbətən
keyfiyyət və qiymətdə də stabilləşmə mövcuddur. Bu da sağlam rəqabətdən irəli
gəlir. Pandemiyadan əvvəl bölgələrdəki hotellərin qiymətlərinə baxanda deyirdik
ki, bir ailənin Antalyaya gedib istirahət etməsi bizim hotellərə getməkdən daha
sərfəlidir. Bu gün isə belə deyə bilmərik. Azərbaycandakı hotellər artıq həm
qiymət, həm də keyfiyyət baxımından yaxşı xidmət göstərməyə başlayıblar. Zaman
keçdikcə bütün mənfi hallar aradan qalxacaq”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin sədrinin
müşaviri Müzəffər Ağakərimov isə bildirir ki, vətəndaşlarımız daha çox daxili
turizmə üstünlük verir: “Bu da təbiidir. Son illər baş verən müxtəlif
hadisələr, o cümlədən pandemiya, dünyadakı müharibələr, iqtisadi çətinliklər
fonunda insanlarımız vətənimizdə istirahət edir. Bu səbəbdən də Azərbaycanda
daxili turizmin ümumi turizm sektorunda xüsusi çəkisi artıb. Vətəndaşlarımız
əsasən Quba, Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Zaqatala, Qax, İsmayıllı, Lerik,
Lənkəran kimi bölgələrimizdə yeni il bayramını keçirməyə gedirlər. Sadaladığım
ərazilərdə turizm üçün gözəl infrastruktur yaradılıb, yüksək standartlara cavab
verən hotellər inşa edilib. Bu hotellərdə qiymətlər onların dərəcələrindən
asılı olaraq dəyişir, münasibdir”.

“Yeni ildə xaricə getmək istəyənlərin isə sayı azdır. Nisbətən imkanlılar
Türkiyənin bir sıra şəhərlərinə, Dubaya, eləcə də Çexiya, Polşa, Sloveniya,
Xorvatiya kimi Mərkəzi və Şərqi Avropa ölkələrinə üz tuturlar. Ümumilikdə
xaricə getmək istəyən turistlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır”,
– deyə M.Ağakərimov əlavə edib.

Source link