3b68584d-b1e6-46cf-b469-2cac552b1688..jpg

Azərbaycan VI Rumıniya Beynəlxalq Qaz Konfransında təmsil olunub – FOTO

Baxış sayı: 556 dəfə baxılıb.

Azərbaycan VI Rumıniya Beynəlxalq Qaz Konfransında təmsil olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Energetika nazirinin müavini Samir Vəliyev Buxarestdə keçirilmiş VI Rumıniya
Beynəlxalq Qaz Konfransının “Regional təhlükəsizlik” adlı nazirlər panelində
çıxış edib.

Energetika Nazirliyindən verilən məlumata görə, o, ötən ilin iyulunda
Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumunun imzalandığını, bununla da Cənub Qaz Dəhlizinin
(CQD) genişləndirilməsinə, təbii qaz təchizatının artırılmasına zəmin
yarandığını xatırladıb. Nazir müavini bildirib ki, o vaxtdan CQD-nin
genişləndirilməsinin maliyyələşdirilməsi üçün Azərbaycan, Avropa Komissiyası,
beynəlxalq maliyyə təşkilatları və genişləndirilmiş infrastruktur vasitəsilə
çatdırılacaq qazın təminatlı alınması üçün Avropadakı potensial alıcılarla
intensiv əlaqələr davam etdirilir.

S.Vəliyev Azərbaycandan Avropaya təbii qaz ixracı ilə bağlı statistik
məlumatları da bölüşüb:

“2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac etmişdisə,
2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. CQD
vasitəsilə “Şahdəniz” yatağından tədarükün hər il bir milyard kubmetr
artırılması planlaşdırılır”.

O, çıxışında Azərbaycanın gələcək qaz təchizatı mənbələrinə toxunub, bildirib
ki, 2028-ci ilə qədər Xəzər dənizinin Azərbaycana məxsus hissəsində işlənməkdə
olan seçilmiş yataqlardan, o cümlədən “Ümid”, “Azəri-Çıraq-Günəşli” Dərin Qaz
layihələri, eləcə də istismar olunan “Abşeron” yatağından böyük həcmdə təbii
qazın bazara çıxarılması gözlənilir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji
gündəliyi və enerji səmərəliliyi tədbirləri hesabına qənaət olunacaq qazın da
əlavə tədarükün mühüm mənbəyi olacağı qeyd edilib:

“2027-ci ilin sonuna qədər 1 862 MVt gücündə külək və günəş elektrik
stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da bir milyard
kubmetrdən çox qazın sərbəstləşməsi deməkdir”.

Nazir müavini həmçinin bildirib ki, Azərbaycan yaşıl enerji ölkəsi kimi
inkişafı ilə bağlı bütün strateji məqsədlərini reallaşdırmaq, Avropanın enerji
təhlükəsizliyinə və yaşıl keçidə töhfə vermək əzmindədir və bu məqsədlə bərpa
olunan enerjinin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr həyata
keçirilir. Eyni zamanda, yaşıl enerji sahəsində ilkin mərhələdə dörd ölkəni
əhatə edən beynəlxalq əməkdaşlıq platforması da yaradılıb. O, reallaşdırılacaq
külək elektrik stansiyalarından ötürücü xətlər, o cümlədən Qara dəniz sualtı
kabeli vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji”
dəhlizinin yaradılması layihəsi üzərində işlər getdiyini qeyd edib, ilkin
mərhələdə 4 QVt gücün Qara dəniz vasitəsilə Avropaya, bir QVt həcmin isə
Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracının nəzərdə tutulduğunu diqqətə
çatdırıb.

Source link