24800967-82a2-4df0-bdb3-d7da2bcb7f5d..jpg

Azərbaycan xalçaları İspaniyada təqdim edilib – FOTO

Baxış sayı: 605 dəfə baxılıb.

Azərbaycan xalçaları İspaniyada təqdim edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İspaniyadakı Səfirliyi və “Azərxalça” ASC-nin birgə
təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO)
dəstəyi ilə İspaniyanın Kral Xalça Fabrikinin sərgi salonunda Azərbaycan
xalçalarının sərgisi təşkil edilib.

Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

Məlumata görə, “Sehrli xalçalar” adlı sərgi mədəniyyət, təhsil və elm
sahələrində ikitərəfli əməkdaşlığı ehtiva edən Azərbaycan və İspaniya arasında
imzalanmış sazişə müvafiq olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində
keçirilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə
İspaniyanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Madriddəki
diplomatik korpusun nümayəndələri, səfirlər, KİV nümayəndələri, elm və akademik
dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə İspaniyada
yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Tədbirdə çıxış edən İspaniya Kral Xalça Fabrikinin Baş direktoru Alexandro
Kleker qədim tarixə malik Azərbaycan xalçalarının dünyada özünəməxsus ornament,
kompozisiya və rəng çalarları ilə tanındığını və təmsil etdiyi qurumun
“Azərxalça” və Səfirliklə birlikdə bu tədbirin təşkilindən məmnunluq duyduğunu
bildirib. O, həmçinin “Azərxalça” və İspaniya Kral Xalça Fabriki arasında
praktiki əməkdaşlığa dair günün birinci yarısında imzalanmış sazişin tarixi
əhəmiyyət daşıdığını və sözügedən sənədin tərəflər arasında nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri, həmçinin Azərbaycanda və İspaniyada birgə
sərgilərin təşkili, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına
böyük töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.

İspaniya Kral Xalça Fabrikinin əsas qalereyasında nümayiş olunacaq sərginin
qapıları yanvarın 19-na qədər avropalı xalça sevərlər üçün açıq olacaq. Sərgi
ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə
məlumat veriləcək.

Xatırladaq ki, sərgidən öncə “Azərxalça” və İspaniya Kral Xalça Fabriki
arasında əməkdaşlığı təşviq edən, Azərbaycan və İspaniyanın xalçaçılıq üzrə
ixtisaslaşmış müvafiq qurumlarının gələcəkdə birgə fəaliyyətlərinin inkişafı
üçün məxsusi əhəmiyyət daşıyacaq saziş də imzalanıb.

Source link