Azərbaycan xaricə ən çox qızıl, elektrik enerjisi və xurma satır

Azərbaycan xaricə ən çox qızıl, elektrik enerjisi və xurma satır

Baxış sayı: 2. 931 dəfə baxılıb.

Cari ilin fevral ayında 37,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üzrə heabatında qeyd edilib. 

Bildirilir ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar – fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon ABŞ dolları), üçüncü yeri isə xurma (19 milyon ABŞ dolları) tutub. 

Ümumiyyətlə, yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6.6 milyon ABŞ dolları olub. 

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib (42,3 milyon ABŞ dolları). 

2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib (17,7 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 milyon ABŞ dolları), üçüncü yeri isə qızıl (19 milyon ABŞ dolları) tutub. 

.
www.ÇıxışYolu.Com