1393d5a5-6db7-42f0-bd8b-cfd4a3eb1cff..jpg

Azərbaycan xarici siyasətinin uğuru, antiterror tədbirinə dünya mediasının reaksiyası – ŞƏRH + FOTO

Baxış sayı: 621 dəfə baxılıb.

Azərbaycan xarici siyasətinin uğuru, antiterror tədbirinə dünya mediasının
reaksiyası – ŞƏRH + FOTO

Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilər son vaxtlar terror
fəaliyyətlərini daha da artırmışdılar. Dünyaya müxtəlif adlarla bir sıra terror
təşkilatları “bəxş etmiş” ermənilərin hər dəfə haradasa terror aktı törətməsi
artıq təəccüblə qarşılanmır. Bu dəfə isə erməni terrorçuların Azərbaycanın
Qarabağ bölgəsində yola basdırdıqları minanın partlaması nəticəsində
Azərbaycanın həm mülki şəxsləri, həm də polis əməkdaşları həlak oldular.
Nəticədə Azərbaycanın səbir kasası doldu.

Erməni işğalına son qoyulduqdan keçən üç il ərzində Ermənistan və Qarabağ
separatçıları hər dəfə danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla
çirkin əməllərini davam etdirirdilər. Əldə edilən məlumatlara görə, Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 mindən çox
erməni silahlı qanunsuz olaraq hələ də qalmaqda idi. Onların sırasına zirehli
texnika, raket və artilleriya qurğularını və digər silah-sursatları da əlavə
etmək lazımdır. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir,
silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmırdı. Azərbaycan tərəfi
dəfələrlə bunu xatırlatsa da, erməni tərəfi öhdəliklərindən boyun qaçırırdı.
Təbii ki, Azərbaycanın da səbrinin bir həddi var idi və sonuncu terror aktı
bardağı daşıran son damla oldu.

19 sentyabr tarixində Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması,
Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının
alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək
ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali,
habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli
antiterror tədbirlərinə başlanıldı. 24 saata yaxın davam edən antiterror
tədbirləri ilə erməni tərəfi ağ bayraq qaldıraraq Azərbaycanın bütün şərtlərini
yerinə yetirəcəyini bəyan etdi. Bu, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin
növbəti parlaq qələbəsi idi. Bəs görəsən, baş verən hadisələrə dünya mətbuatı
necə yanaşdı?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, erməni kəşfiyyat-diversiya qrupları
tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycanın mülki şəxslərinin və
polis əməkdaşlarının şəhid olması xəbəri bir sıra onlayn KİV-də yayımlandı.
Əsasən, Türkiyə mətbuatı bu məsələdə Azərbaycanın haqq səsini dünyaya duyurmağa
çalışdı. İran mətbuatı bu məsələdə həmişəki kimi passivlik göstərdi. Lakin
ərəbdilli media baş verən terror aktı ilə bağlı onlarla məqalə dərc edərək
Azərbaycanın mövqeyini müdafiə etdi. 2020-ci il müharibəsində Azərbaycan
əleyhinə mövqe sərgiləyən ərəbdilli KİV-də son ildə yumşalma müşahidə
edildiyini gördük. 2020-ci il müharibəsində hər on xəbərdən səkkizini
Azərbaycan əleyhinə dərc edən ərəbdilli KİV bu gün artıq nisbəti dəyişərək hər
on xəbərdən səkkizini Azərbaycan lehinə dərc edir, müxtəlif açıqlamalar,
bəyanatlar yayımlayır. Təbii ki, bütün bunlar Azərbaycanın xarici siyasətinin
uğuru, İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığının
nəticəsidir.

Baş verən terror aktına ingilisdilli və fransızdilli KİV də səssiz qalmadı. Bu
barədə müxtəlif mətbu orqanlarda xəbər və məqalələr dərc edildi.

19 sentyabrda Azərbaycanın start verdiyi antiterror tədbirləri isə demək olar
ki, bütün dünya mediasının manşet xəbərinə çevrildi. Hər zaman olduğu kimi,
Azərbaycanın yanında olan Türkiyə mətbuatı bu barədə yüzlərlə məqalə dərc
edərək Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Bu dəfə İran mediası da
obyektivlik nümayiş etdirərək Azərbaycanın mövqeyindən çıxış elədi. Bununla
belə, İran KİV-ində Ermənistanın da mövqeyini dəstəkləyən yazılara rast
gəlindi. Ərəbdilli mətbuat isə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək
xəbərləri, əsasən, Azərbaycanın rəsmi qurumlarının bəyanatları və açıqlamaları
üzərində qurdu. Amma erməni diasporunun güclü olduğu Livan kimi ölkələrin media
orqanları erməni mövqeyini müdafiə edən xəbərlər yaymağa davam elədi.

İngilisdilli KİV də həm antiterror tədbirləri, həm Azərbaycanın zəfəri, həm də
separatçı ermənilərin Azərbaycanın şərtlərini qəbul etməsi barədə kifayət qədər
məqalə dərc etdi. Düzdür, ara-sıra erməni mövqeyini müdafiə edən xəbərlər
tirajlansa da, ümumi olaraq vəziyyət Azərbaycanın lehinə idi. Hələ 2020-ci il
müharibəsindəki vəziyyəti də nəzərə alsaq, bu dəfə də Azərbaycan
diplomatiyasının və media savaşının uğurlarını görməmək mümkün deyil.

Nüfuzlu “Reuters” nəşri Azərbaycanın Qarabağdakı antiterror tədbirləri ilə
bağlı məqalə dərc etdi. Peter Apssın qələmindən çıxan məqalədə qeyd edilir ki,
Azərbaycanın zəfəri ilə regionda Türkiyənin nüfuzu daha da dərinləşir.

İş orasındadır ki, Fransa mətbuatı bu dəfə neqativ xəbərlərin sayını
azaldaraq, daha çox hər iki tərəfin mövqeyini dərc etməyə üstünlük verdi.
2020-ci il müharibəsində media xəttini Azərbaycanı ləkələmək və qaralamaq
üzərində quran Fransa KİV artıq vəziyyətin dəyişdiyini görməzdən gələ
bilmədilər.

Azərbaycan əleyhinə dəfələrlə qərəzli mövqe nümayiş etdirən “Le Monde” qəzeti
erməni separatçıların silahı yerə qoymasından sonra Azərbaycanın Qarabağda
nəzarəti tam bərpa etdiyini qeyd etdi və Ermənistanın məğlubiyyətini separatçı
müqavimətin heyrətamiz çöküşü kimi xarakterizə elədi. “Le Monde” Prezidentİlham
Əliyevin böyük bir zəfər qazandığını vurğuladı.

“France 24” nəşri isə Azərbaycanın 24 saat ərzində qazandığı qələbədən sonra
“Ermənistanın baş naziri Nikol Paşinyan dəyişiklik vədi ilə hakimiyyətə gəlsə
də, təhqiredici hərbi məğlubiyyət və Qarabağdakı dramatik gərginlik bu zavallı
ölkənin etibarını zədələyib” fikrini tirajladı.

ABŞ-nin nüfuzlu “Politico” nəşri Azərbaycanın antiterror tədbiri ilə bir gündə
əldə etdiyi uğuru “Azərbaycan Qarabağdakı ildırım hərəkatında zəfər elan etdi”
başlığı ilə yayımlayıb. Nəşrin digər xəbərində isə Qarabağda ikinci
uğursuzluğun ermənilər tərəfindən Paşinyana qarşı nifrətin yaranmasına səbəb
kimi göstərib. ABŞ-nin “ABC News” kanalı isə “35 il davam edən toqquşma nəhayət
Azərbaycanın lehinə nəticələnmiş kimi görünür” deyə xəbər yayımladı.

İngiltərənin “The Telegraph” nəşri Azərbaycanın zəfərinin Ermənistanı Qərb
müttəfiqlərinə tərəf itələdiyini bildirdi. Kremlin bu antiterror tədbirindəki
rolu barədə isə nəşr bildirdi ki, sülhməramlıların fəaliyyətsizliyi intiqam
kimi görünüb.

Qətərin “Əl-Cəzirə” kanalı isə Qarabağda böyük məğlubiyyətə uğrayan Paşinyanın
istefasını istəyən minlərlə irəvanlının mərkəzi meydana yığışdığını bildirib.
Eyni zamanda, sözügedən kanal həm antiterror tədbirləri, həm də separatçıların
təslim olması ilə bağlı kifayət qədər məqalə dərc edib.

Səudiyyə Ərəbistanının “Al Arabiya” kanalı zəfərdən sonra Azərbaycan
Prezidenti İlham Əliyevin açıqlamasını ön plana çıxarıb.

Hər dəfə erməniləri dəstəkləyən “Hindistan Times” isə “Azərbaycan Qarabağdakı
separatçıların təslim olmasından sonra zəfər elan etdi” tipli xəbər yayımladı.
Hindistanın NDTV kanalı da yaydığı xəbərdə qeyd etdi ki, erməni separatçıların
silahı yerə qoymaq qərarı separatçı müqavimətin həzin sonudur. Bu isə Əliyevin
Qarabağa nəzarəti bərpa etməsi ilə böyük bir zəfəri təmsil edir.

Sadəcə, bu misalları çəkməkdə məqsədimiz odur ki, artıq bütün dünya
Azərbaycanın haqlı olduğunu qəbul edib. Bu, Azərbaycan diplomatiyasının, xarici
siyasət kursunun sərrastlığı və peşəkarlığı sayəsində mümkün olub…

“Report” İnformasiya Agentliyi

Source link